Ən təhlükəsiz nəqliyyat vasitəsi olsa da, təyyarə qəzaları insanlarda travmalar yaradır
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğraması ən çox müzakirə olunan məsələlərdən biridir.
Maraqlıdır, tez-tez təyyarədən istifadə edən insanlarda qorxu, təşviş yarada bilərmi?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, belə faciəvi hadisələr, xüsusilə Azərbaycan kimi cəmiyyətlərdə dərin emosional və psixoloji izlər buraxa bilər.
Elnur Rüstəmov deyib ki, bu cür hadisələrdən sonra insanların təyyarəyə olan inamı azalır: "Bu psixoloji proseslər müxtəlif formada izah edilə bilər. Belə ki, təyyarə qəzası kimi hadisələr insanlarda daha dərin travma yaradır. Xüsusilə, hadisə zamanı zərərçəkənlərin ailə üzvləri və şahidlər daha çox təsirlənir. Medianın bu hadisələri geniş şəkildə işıqlandırması travmanın kütləvi formada yayılmasına səbəb olur. İnsanlar belə situasiyalarda özlərini və ailələrini təhlükədə hiss edir, bu isə təyyarəyə olan inamı azaldır. Psixologiyada buna “bəd xəbər effekti” də deyilir. Bu effekt zamanı yaşanan təhlükəli hadisələr insanların davranışlarını və qərarlarını mənfi istiqamətdə dəyişir".
Psixoloq qeyd edib ki, təyyarələr nəqliyyat vasitələri arasında ən təhlükəsizlərdən biridir, lakin qəza baş verdikdə, insanlar riskləri şişirdir və statistik təhlükəsizlik göstəricilərini nəzərə almır: "Bu, psixologiyada “availability heuristic” adlanır. İnsanların qərar qəbul edərkən və ya ehtimalları qiymətləndirərkən yaddaşlarında asanlıqla xatırlaya bildikləri nümunələrə üstünlük verməsi prinsipini ifadə edir. Yəni bir hadisə daha yadda qalan və ya emosional olaraq daha təsirli olarsa, insanlar onun başvermə ehtimalını həqiqi ehtimaldan daha yüksək qiymətləndirirlər. Deyək ki, əgər insanlar təyyarə qəzası ilə bağlı xəbərləri tez-tez eşidirlərsə, onlar uçuşun təhlükəli olduğunu düşünə bilərlər, baxmayaraq ki, statistik olaraq təyyarə ən təhlükəsiz nəqliyyat vasitələrindən biridir. “Availability heuristic” bu cür qeyri-obyektiv qərarların səbəbidir. Beləliklə, bir qəza çoxsaylı təhlükəsiz uçuş təcrübələrini kölgədə qoyur".
E.Rüstəmovun sözlərinə görə, hadisənin səbəbləri, aviasiya şirkətinin və dövlət qurumlarının reaksiyası inamın azalmasında mühüm rol oynayır: "Azərbaycan cəmiyyətində kollektiv emosiyalar güclü şəkildə təzahür edir. Milli matəm və ya faciə zamanı insanlar hadisəyə birgə reaksiya verir, bu isə hadisənin təsirini daha da dərinləşdirir. Ümumən götürəndə təyyarə qəzası cəmiyyət üçün sarsıdıcı olsa da, inamın azalması əsasən, qısamüddətli xarakter daşıyır. Uzunmüddətli perspektivdə, düzgün idarəetmə və təhlükəsizlik tədbirləri ilə inam bərpa edilə bilər. Psixoloji baxımdan insanların bu hadisələrə reaksiyası təbiidir və onların yenidən təyyarə ilə səyahətə başlayacağı ehtimalı yüksəkdir. Təcrübələr göstərir ki, hadisədən sonra təsirli strategiyalar tətbiq edilərsə, təyyarəyə olan inam əvvəlki səviyyəsinə qayıdır.
Bir daha bu qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, doğmalarına səbr diləyirəm.
Allah Azərbaycanımızı qorusun!"
Ayşən Azadova