“Onlar hətta faciədən belə istifadə etməyə çalışırlar...”
“Vahid düşmənə qarşı birlik mövqeyindən çıxış etmək, yekdillik nümayiş etdirmək hər bir kəsin, qrupun, partiyanın borcudur.
Ölkə daxilində bu və ya digər məsələlərin həllində fərqlilik isə başqa bir nüansdır. Burada hər partiyanın, yaxud fərdin öz münasibəti ola bilər. Ölkənin taleyüklü məsələlərinin həllində iştirak etməmək isə demokratiya göstəricisi ola bilməz. Məsələni bir az konkretlşdirək, AZAL-a məxsus təyyarənin qəzaya uğramasına münasibətdə hansı siyasi məqam ola bilər? Bütün siyasi partiyalar qəzada həlak olanların ailələrinə, o cümlədən xalqımıza başsağlığı verir, Allahdan səbr diləyir, AXCP və Müsavat Partiyası isə özünü kənara çəkir. Bu addımları ilə onlar siyasi əxlaqdan uzaq olduqlarını, millilikdən, adət-ənənələrimizdən nə qədər uzaq düşdüklərini sübut etdilər”.
Bunu TNS-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq, vahid milli mövqedən uzaqlaşmaq deyil: “AXCP və Müsavat Partiyası cəmiyyətdə nüfuzlarını itirmiş siyasi təşkilatlardır. Onlar yalnız xarici qrantlardan qidalanan, yalnız xarici mənbələrin maliyyə dəstəyi ilə “stəkanda fırtına” törətmək qabiliyyəti olan rəzil kütlədirlər. İndiyə qədər bu zümrə xalqımızın xeyirinə olan taleyüklü məsələlərdə həmrəylik nümayiş etdirə bilməyiblər. Sual olunur, bəs onlar hansı ümidlərlə, iddialarla xalqın dəstəyini qazanmağı, hətta hakimiyyətə gəlməyi ağıllarına gətirirlər? Bu, müxalifət adına iddialı, əsasən, radikalizmə meyllənən və xarici qüvvələrdən asılı olanların iflasıdır. “İnsan dar gündə tanınar”, - deyib atalar. Bu gün xalqımız ağır və üzücü təyyarə qəzasının araşdırılması, fəsadlarının aradan qaldırılması, zərər çəkən insanlarımızın yanında olmaqla onlara təskinlik verməklə məşğuldur. Amma adını çəkdiyimiz siyasi zümrə təmsilçiləri isə bu hadisədən öz məqsədləri üçün istifadə edir, özlərinə hansısa formada nüfuz qazandırmaq fürsəti güdürlər. 44 günlük müharibədə, Azərbaycanın Avropa Şurası ilə fikir ayrılığında, keçirilən seçkilərdə əksər siyasi partiyalar həmrəylik göstərərək avropalıların qərəzli yanaşmasına qarşı haqlı irad bildirdikləri halda, bu partiyalar xəyanətkar mövqe tutaraq, əksinə, ermənipərəst qüvvələrlə, işğalçı dövlətin havadarları ilə və nəhayət Avropa institutlarının müşahidəçiləri ilə həmrəy oldular. Onlar bu addımları ilə cəmiyyətə dezinformasiya xarakterli məlumatlar ötürürlər. Quru sərhədlərinin açıq olmadığını bəhanə edərək ictimai rəyi çaşdırırlar. Azərbaycan müstəqil olandan indiyə qədər cəmi 3 dəfə təyyarə qəzası baş verib. Bunların baş verməsinin konkret səbəbləri var ki, burada siyasi çalar axtarmağa heç bir lüzum yoxdur, texniki və kənar müdaxilə səbəbindən olanlardır. Bəs, sərhədləri açıq olan digər dövlətlərin statistikasına niyə baxmırlar, niyə Avropa ölkələrində, Amerikada qəzaya düşən təyyarələrdən danışmırlar? Bəlkə onlara bunu demək sərf eləmir? Bəli, qərəzli insan həm də kor olar, həqiqəti söyləməz”.