Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? – Səfirliyin açılması üçün…
“Hər bir normal dövlət qonşuları ilə sülh şəraitində yaşamaq yolunu seçər. Bunun üçün ilk növbədə diplomatik münasibətlər yaradılır, səfirliklər qarşılıqlı şəkildə açılır və digər prosedurlar həyata keçirilir.
Amma Ermənistan Azərbaycan və Türkiyə ilə belə münasibətlər quran ölkələr sırasında deyil. Buna səbəb Ermənistanın yürütdüyü işğalçılıq siyasəti, torpaqlarımızı qanunsuz olaraq, hərbi yolla özünə birləşdirmək niyyətidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Türkiyənin də bu ölkə ilə diplomatik əlaqələr qurmasına ən böyük maneə yaradır. Bu barədə rəsmi Ankara qəti mövqeyini ortaya qoyub”.
Bunu TNS-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Ermənistan tərəfi Türkiyə ilə diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması barədə çoxlu nağıl uydurur: “Türkiyə ilə danışıqlardan məsul Ruben Rubinyanın açıqlaması da söylədiklərimizin davamıdır. 44 günlük müharibənin başa çatmasından 4 ildən çox vaxt keçib. Amma hələ də tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Əgər sülh yoxdursa, deməli problemlər var. Sülhə aparan yolda ən böyük əngəl yenə də Ermənistan tərəfindən yaradılır. Məsələ burasındadır ki, Ermənistanın müstəqillik aktında yazılanlara istinadən hazırlanmış konstitusiyada həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Ermənistan ordusu Azərbaycan ərazilərindən qovulandan, erməni separatizminə son qoyulandan sonra da rəsmi İrəvan və onun rəhbərliyi konstitusiyada dəyişiklik etmədən və digər hüquqi islahatlar aparmadan sülh müqaviləsi imzalamağı təklif edir. Bu da Ermənistan tərəfinin məsələyə ciddi yanaşmadığını sübut edir. Ərazi iddiası öz qüvvəsində olduğu halda bu ölkə ilə sülh bağlamaq özünü aldatmaqdır. Sülh ya bütün məqamlar nəzərə alınmaqla bağlanmalı, ya da bunun alternativi yoxdur. Qardaş Türkiyənin ilkin tələbi Qarabağın Azərbaycana qaytarılması idi. Amma Ermənistan bunu etmədi, Azərbaycan isə hərbi yolla erməni ordusunu suveren ərazilərindən vurub çıxardı. Bu günün tələbi isə qismən dəyişikliklə öz qüvvəsindədir. Əgər Ermənistan manipulyasiya etmək əvəzinə, konstruktiv yol seçib, Azərbaycana və Türkiyəyə ərazi iddialarından qanuni olaraq, yəni konstitusiya islahatı aparmaqla geri çəkildə, onda sülh müqaviləsi də imzalanar, diplomatik əlaqələr də qurular və sərhədlər də açılar”.