"Rusiya AZAL-a və qəzada zərərçəkənlərə bu qədər kompensasiya ödəməlidir" - AÇIQLAMA
AZAL Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin hər birinin ailə üzvünə 40 min manat kompensasiya ödəyəcəyini açıqlayıb. Məlumata görə, qəzada həlak olanların ailə üzvlərinə 40 min, yaralılara isə 20 min manat ödəniləcək. Bəs, hadisədə təqsirli bilinən Rusiya tərəfi bununla bağlı hansı kompensasiyanı ödəməlidir? Qəzada zərərçəkən tərəfin biri də “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətidir.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Babək Həmidov açıqlama verib.
Vəkil bildirib ki, Rusiya həm AZAL-a, həm də zərərçəkmişlərə külli miqdarda kompensasiya verməlidir: “Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki avia reyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün hər hansı ölkənin valyutasından deyil, xüsusi beynəlxalq valyutadan istifadə edilir. Special Drawing right (xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilmişdir.
Beynəlxalq Mülki Aviasiya qaydalarına əsasən, qəza nəticəsində ölən hər sərnişinə görə 250000 (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi Bankının hadisə gününə olan məzənnəsinə görə 1SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250 (beş yüz əlli dörd min iki yüz əlli) Azərbaycan manatıdır.
Hadisə baş verdiyi ərazi (Rusiya Federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rublu (250000 SDR), yəni 326662 ABŞ dolları edir.
Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə ödənilməlidir. Bununla yanaşı, Rusiya hadisədə zərər çəkən “Azərbaycan Hava Yolları” QSC-yə də dəymiş ziyanı tam ödəməlidir”.