Close

Deputat: "Məsuliyyət təyyarənin gülləbaran edildiyi ölkənin üzərinə düşür"

"Ünvan hara və kim olursa-olsun, məsuliyyət sərnişin təyyarəsinin gülləbaran edildiyi ölkənin üzərinə düşür".

TNS-in məlumatına görə, bunu Bakı-Qroznu təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

O bildirib ki, məsuliyyətsizlik də cinayətdir, şübhəsiz: "Təxribat? Cinayət? Məsuliyyətsizlik? İdarəsizlik? Özbaşınalıq? Xarici müdaxilə? Erməni izi və terror? Nə, kim və ya hara, nə üçün? Yüzlərlə sual tapmaq olar. Cavab birdir. Üzr istəmək, günahkarlara layiq olduqları cəzanı vermək, təzminat ödəmək, tarixin bütün dövrlərində dövlətçilik əxlaqı və ənənələri olan xalqlara, dövlətlərə xas olan bir xüsusiyyətdir. Bu, müasir beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquqla bağlı olan məsələ deyil, dövlət və dövlətçilik əxlaqıdır, tarixin bütün dövrlərində müstəsna önəm daşıyan etimad, güvən məsələsidir. Həm şəxsi, həm də dövlətlərarası münasibətlərdə etimad, güvən başlıca amildir. Ümid edirəm ki, çağdaş dünyada baş verən geosiyasi dəyişikliklərdən doğan qarşıdurmalara baxmayaraq, milli və klassik dövlətçilik ənənələrinin qorunmasının bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıdığını hələ də anlaya bilənlər var.

Ədalət mütləq təcəlla edəcək! Dövlətimizə sonunadək güvənirəm! Tanrı millətimizi, dövlətimizi qorusun".