Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən buraxılan raketin partlaması səbəbindən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
TNS xəbər verir ki, bu barədə Rusiyanın “ВЧК-ОГПУ” "Telegram" kanalı məlumat yayıb.
Kanal dünən dispetçerlə ekipaj arasında gedən danışıqların stenoqramını da paylaşıb, CPS sistemində problemlərin olduğu, təyyarəyə kənardan güclü zərbənin dəydiyi və pilotun bunu quş sürüsü ilə toqquşma kimi qəbul etdiyi müəyyən olunub.
Kanalın məlumatına görə, həmin zərbə təxminən 18 kilometr şimalda, (diaqramda yaşıl kvadrat) Qroznı hava limanından şimal-qərbdə, Naurski rayonu üzərində 2,4 min metr yüksəklikdə baş verib.
Bu ərazidə bir neçə hərbi hissə, o cümlədən hava hücumundan müdafiə sistemləri yerləşir.
Hələ 2011-ci ilin sonunda «Чечня сегодня» saytı bütün Şimali Qafqazın hava məkanına nəzarət edə bilən yeni silahlar haqqında tərifli məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin Naurski rayonunda yerləşən motoatıcı briqadasında yeni “Barnaul-T” hava hücumundan müdafiə idarəetmə sistemi peyda olub.
Məlumdur ki, son PUA hücumlarından sonra bir neçə “Pantsir” də Çeçenistanda yerləşdirilib.
Stenoqramlara əsaslanan "Telegram" kanalı qeyd edib ki, təyyarə eniş etməyə hazırlaşarkən onun GPS-i dayanıb və dispetçerlə radar əlaqəsi itib. Pilot belə şəraitdə təyyarəni endirə bilməyib və Bakıya uçmaq qərarına gəlib. Bunun üçün dönməyə başlayanda yaxınlıqda partlayış baş verib - hər şey təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu göstərir.
Transkriptlər göstərir ki, ekipaj dəfələrlə GPS sensorlarının sıradan çıxması barədə məlumat verib və kömək istəyib.