Qəzaya uğrayan təyyarənin dağıntıları altında “qalan” AZAL
Dünən – dekabrın 25-i ölkəmiz üçün çox ağır gün oldu.
Səhər saatlarında “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə Aktau şəhərinin yaxınlığında qəzaya uğradı. Qəza enişi edən təyyarə yerə çırpıldı və nəticədə yanğın baş verdi. Göyərtəsində 67 nəfərin (62 sərnişin, 5 ekipaj üzvü) olduğu təyyarədə 29 nəfər sağ qaldı. 38 nəfərin ölümü çox ağır hadisə olsa da, məlumdur ki, təyyarə qəzasından sağ qurtulmaq möcüzə sayılır.
Allahdan həlak olanlara rəhmət, ailələrinə səbr diləyirik.
Əslində dünyanın heç bir ölkəsi və hava yolu şirkəti təyyarə qəzalarından tam sığortalanmayıb. Ən böyük dövlətlərin, ən nüfuzlu şirkətlərin belə təyyarələri minlərlə insana məzar olub.
Təyyarə hazırda dünyada ən sürətli çatdırılma vasitəsi olmaqla yanaşı, qəza zamanı sağ qalma ehtimalı da cüzidir. Ona görə, təyyarə qəzalarından sağ çıxmaq möcüzə hesab edilir.
Təbii ki, belə hadisələr zamanı aidiyyəti dövlət qurumlarının fəaliyyəti çox önəmlidir. Dünən ölkəmizin müvafiq qurumlarının əksəriyyətinin hadisəyə adekvat reaksiyasının şahidi olsaq da, təəssüf ki, AZAL haqqında eyni fikirləri söyləyə bilməyəcəyik.
Qəza xəbərindən qısa müddət sonra müvafiq qurumlar səfərbər oldu, dövlət başçısının tapşırığı ilə lazımi addımlar atıldı, Qazaxıstanın aidiyyəti orqanları ilə koordinasiya quruldu, nümayəndə heyəti Aktauya yollandı. Yəni, ekstremal şəraitə uyğun olaraq, nələr edilməli idisə, o istiqamətdə tədbirlər görüldü.
“Fil qulağında yatan” AZAL isə hadisədən saatlar sonra “oyandı”. Aviaşirkət təyyarədə neçə nəfərin, hansı ölkənin vətəndaşlarının olduğu, göyərtədəkilərin kimliyi barədə məlumatı Qazaxıstanın rəsmi qurumlarından 2-3 saat sonra açıqladı, onu da səhv…
Məsələn, AZAL təyyarədə uşaq olmadığını açıqlayandan bir neçə dəqiqə sonra Qazaxıstan Səhiyyə Nazirliyi 3 uşağın sağ qaldığını, xəstəxanaya çatdırıldığını bildirdi.
AZAL təyyarədə olanların siyahısını Rusiya və Qazaxıstandan bir neçə saat sonra elan etdi. Sanki sərnişinlər Bakıdan yox, Moskvadan, ya da Aktaudan yola düşmüşdü. Ya da təyyarə AZAL-a yox, bu ölkələrin hava yolu şirkətlərinə məxsusdur.
AZAL-ın işinin öhdəsindən gələ, xəbərləri vaxtında, dəqiq şəkildə yaya bilməməsi ucbatından mediada, sosial şəbəkələrdə kifayət qədər həqiqətə uyğun olmayan informasiyalar yayıldı. Təbii ki, bu da əhalinin təşvişinə səbəb oldu.
Təəssüf ki, hadisə ilə bağlı şübhəli məqamlar çoxdur. Təyyarənin vurulması, yaxud hansısa kənar müdaxilə nəticəsində qəza enişi etməsi ehtimalları güclənir. Ekspertlər bildirirlər ki, son bir neçə gündür, Qroznıya kütləvi dron hücumları olur. Yəni, bu günlərdə şəhərin hava məkanı kifayət qədər təhlükəlidir. Əgər iddialar doğrudursa, AZAL bunu niyə diqqətə almayıb? O zaman AZAL ekstremal vəziyyətə uyğun fəaliyyət göstərə bilməməklə yanaşı, səhlənkarlıq da edib?
Əminik ki, hadisənin başvermə səbəbləri tam araşdırılacaq, nöqsana yol verən, məsuliyyətsizlik edən, bir sözlə günahı olan hər kəs cəzasını alacaq…
Gülşən Hacıyeva