Close

23:01
26 Dekabr 2024

“Moskva təyyarədəki mərmi izlərinə aydınlıq gətirməlidir”

“İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandırmayacağını anladıqdan sonra Ukraynaya məxsus sərnişin təyyarəsini “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı”.

TNS xəbər veri ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb”, - deyə açıqlama verib: “Bakı-Qroznı təyyarəsinin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyası güclənib. Bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər. Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə, Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki “xəbər” yaydı - “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”.

Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdı. Ancaq Moskva təyyarədəki mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir. O da aydınlaşdırılmalıdır ki, təyyarənin Qroznı ilə yanaşı, yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb?”

Politoloq qeyd edib ki, 2015-ci ildə Rusiyaya bağlı Donbass separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurublar: “Moskva bu günə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki, separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurulduğunu etiraf etsələr, bu, 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq”.