Təyyarəmizin hansı ölkə tərəfindən və necə vurulduğu AÇIQLANDI
"Təyyarəmiz vurulub və buna heç kimin şübhəsi olmasın”.
Bunu TNS-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, təyyarəmiz Çeçenistan ərazisindəki hava hücumundan müdafiə sistemi tərəfindən vurulub: “Artıq Azərbaycan nümayəndə heyətinə fraqmentlər təqdim olunub, “Hunter” hava hücumundan müdafiə sistemindən açılan atəş nəticəsində təyyarədə dəliklər açılıb. Təyyarənin quş sürüsü ilə toqquşması məsələsi uydurmadır və məndə olan məlumata görə, bu uydurmanı Rusiya tərəfi ortaya atıb. Dünən səhər saatlarında Qroznıya hücum həyata keçirilib. Ukrayna Qroznıya dronlarla hücum edib. Təəssüflər olsun ki, AZAL da bütün bunları bildiyi halda bəzi işləri görməyib. AZAL diqqətli olmalı idi”.
Hərbi ekspert deyib ki, hadisəyə dumanın səbəb olması versiyası da absurddur: “Heç bir duman olmayıb. Duman idisə, niyə təyyarənin Mahaçqalaya enməsinə icazə verilməyib? Onlar düşünüblər ki, təyyarə Xəzər dənizinə düşəcək və iz itəcək. Amma pilotlar ən yaxın Aktau hava limanına enməyə qərar veriblər.
Bir neçə il əvvəl Müdafiə Nazirliyinin polkovniki Rəşad Atakişiyevin hərbi təyyarəsinin də vurulması daha çox bu amillə bağlı idi. Onda da təyyarənin quşla toqquşması versiyası ortaya atıldı.
Hazırda qəzaya uğrayan təyyarəmizin “qara qutu”su Qazaxıstan mütəxəssisləri tərəfindən götürülüb. Çox istəyərdim ki, Azərbaycanın Baş Prokurorluğu bu məsələdə prisipiallıq nümayiş etdirsin, səhv qərarı verən şəxslər müəyyənləşdirilsin. Təyyarə vurulub, görüntülər də onu sübut edir. Çünki təyyarənin üzərində “Hunter” sisteminin atəş izləri var və bu, açıq-aydın görünür”.