Azərbaycanın Türkiyə və İranla Naxçıvan istiqamətindəki sərhədləri bağlandı

Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir.
TNS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq.
Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlanılıb. Hər iki qurumdan sərhədlərin bağlanıb-açılmasının onların səlahiyyətində olmadığı bildirilib. Sözügedən məsələyə cavabdeh qurum kimi Nazirlər Kabinetini göstəriblər. Hələ ki, Nazirlər Kabibeti sərhəddəki vəziyyətlə bağlı açıqlama verməyib.
İranın Azərbaycandakı səfirliyindən isə Sfera.az-a məsələdən xəbərdar olduqlarını bildiriblər: “Belə bir məlumatın yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.
Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.
***
İran İslam Respublikası səfirliyinin Mətbuat şöbəsi məsələ ilə bağlı açıqlama yayıb. "Qafqazinfo"ya verilən məlumatı təqdim edirik: "İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur".