Close

19:55
25 Dekabr 2024

İran Prezidentinə işləməyə imkan vermirlər - Pezeşkian istefa verəcək

“İran Prezidenti Məsud Pezeşkian 3 ay əvvəl - hələ yeni seçildiyi vaxt bildirmişdi ki, ona işləməyə imkan vermirlər”.

Bunu TNS-ə “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Siyasi şərhçi xatırladıb ki, bu günlərdə Pezeşkianın istefa verəcəyinə dair xəbərlər yayılıb: “Bu məlumat təkzib olunsa da, düşündürücüdür. İranda adətən belədir: hansısa lider, tanınmış adam öləndə bunu bir neçə gün sonra elan edirlər. Məsələn, Xomeyninin ölümünü bir neçə gündən sonra açıqladılar. Çünki onun yerinə adam hazırlamaq lazım idi. Pezeşkianın istefasına gəlincə, ola bilsin, bu məsələ gündəlikdə var. Amma belə tezliklə bunun baş verəcəyi ehtimalı azdır”.

Sədrəddin Soltanın fikrincə, o da mümkündür ki, Pezeşkian hakimiyyətə bu yolla mesaj versin: “Yəni o, “proqramımı həyata keçirməyə imkan verməsəniz, istefaya gedəcəyəm”, - deyə bilər. Pezeşkianın proqramında nələr var?

-      Qərblə dialoqa açıq olmaq;

-      Nüvə proqramı məsələsində şəffaflıq;

-      Hicabla bağlı qanunların yumşaldılması;

-      Fars olmayanların öz dilində təhsili;

-      İnternetdən, sosial şəbəkələrdən sərbəst istifadə imklanlarının yaradılması;

-      Sosial vəziyyətin yaxşılaşdırılması;

-      Korrupsiyanın aradan qaldırılması və s.

Amma bunların heç biri hələ ki, reallaşmır. Deməli, ona maneələr var”.

Siyasi şərhçi bildirib ki, İranda mühafizəkar və panfarsist mətbuat orqanları Pezeşkianı daim tənqid edir: “O, hədəfdir. Bundan əvvəlki Prezident İbrahim Rəisiyə elə hücumlar olmurdu, yaxud, islahatçıların təmsilçisi Həsən Ruhaniyə. Çünki onlar fars və panfarsizmin təmsilçiləri idi. Məsud Pezeşkian da bu rejimin balasıdır. O da islahatçıdır, “Hizbullah”çıdır, Xomeynini, Xamaneini özünə ağa bilir, amma düşüncə etibari ilə bir qədər fərqlidir. Yəni, birbaşa ideoloji xəttin nümayəndəsi deyil. Parlamentdə, hökümətdə olduğu dövrdə də daim tənqidi mövqedən çıxış edirdi. Bu rejimin yaxşılaşmasını istəyən hakimiyyətdaxili müxalifət sayılırdı.

Əslində onun istefası üçün hər cür bəhanə, əsas var. Bu tezlikdə istefa verməsi mümkün görünməsə də, gec-tez ondan belə bir açıqlama gələcək. Bir məsələni xatırladım. Bu günlərdə İranda “Hicab və iffət” haqqında qanun qəbul edildi. Hökumətin nümayəndələri parlamentə müraciə etdilər ki, qanunu bir qədər yumşaltsınlar. Çünki çox sərtdir. Bu, həm də hökumətin qanunla bağlı etirazıdır.

Həsən Ruhani deyirdi ki, prezidentin idarəetmə azadlığı yoxdur. O, prezidenti icraedici sayırdı. Pezeşkian da icraedicidir. İdarəetmədə heç bir rolu yoxdur. Daha yuxarıda dayanan Ali rəhbər və onun rəhbərlik etdiyi Nəzarət Şurası prezidentin, parlamentin başının üstündə duran bir qılıncdır.

Bütün bunlardan çıxan nəticə odur ki, İranda hansısa işlər görmək üçün inqilaba bərabər konstitusiya islahatları olmalıdır. Pezeşkian azad düşüncəli adamdır, vəzifəyə bağlanıb qala bilməz. Onun fəaliyyətinə imkan verilməyəcəyi halda istefaya gedə bilər”.

ss18