Deputat: "Zəngəzur dəhlizi açılamasa..."
"Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın Zəngəzur dəhlizi ilə bağlı verdiyi bəyanat gözlənilən idi".
Bunu TNS-ə açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Ermənistan Zəngəzur dəhlizinə öz kontekstindən yanaşır: “Onlar Naxçıvanın Azərbaycanın digər əraziləri ilə əlaqəsinin bərpasında və bu prosesin maneəsiz həyata keçirilməsi üçün mexanizmlərin hazırlanmasında maraqlı deyil. Digər tərəfdən, Azərbaycanın sülh müqaviləsi ilə bağlı elan etdiyi prinsiplər və bunun açıq ifadə olunması görünür, Ermənistan rəhbərliyini narahat edir. Çünki Ermənistan cəmiyyətinin özünə də bununla bağlı açıq mesajlar verilir.
Təbii ki, bu da Paşinyan hakimiyyəti tərəfindən ictimai rəyə təsir faktı kimi qiymətləndirilir. Bu baxımdan da Ermənistan siyasi rəhbərliyi qıcıqlanaraq, Zəngəzur dəhlizini yenidən gündəmə gətirmək niyyətindədir. Bu məsələdə rəsmi Tehranın da rolu var. Bir qayda olaraq, Tehran bu prosesdə Ermənistanı daha çox himayə və təhrik edir. Əlavə olaraq, Fransanın da bu məsələdə mövqeyinin nəzərə çarpması şübhəsizdir. Yəni, bu, təkcə Ermənistanın siyasi hakimiyyətinin yox, həmçinin Ermənistanı bilavasitə idarə edən qütbün mövqeyidir. Ermənistan həmin mövqeyi ifadə edir.
Bütün hallarda, Zəngəzur dəhlizi reallaşmayacaqsa, bu, o deməkdir ki, Ermənistanla Azərbaycanın münasibətlərinin səviyyəsindən asılı olmayaraq, Ermənistan üçün kommunikasiya xətləri nə Azərbaycan, nə Türkiyə tərəfindən açılacaq”.