Prezidentin müsahibəsi dünyaya mesaj idi
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya mediasına müsahibəsi çox mühüm əhəmiyyət kəsb edir".
Bunu TNS-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Prezidentin bu müsahibəsi həm də dünyaya bir mesaj idi: “Bu müsahibə Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri, Qafqazda iqtisadi, siyasi, hərbi və digər proseslərdə söz sahibi olduğumuzu təsdiq edən müsahibə idi. Cənab Prezident müsahibədə həmçinin Türkiyə ilə münasibətlərimizdən də danışıb. Dövlətimizin başçısı mükəmməl cavab verib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə həm də hərbi sahədə əməkdaşlıq edir. Yəni, ilk müstəqillik illərimizdən başlayaraq, 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşməsində, eyni zamanda döyüş qabiliyyətinin artırılmasında, müxtəlif taktiki planlaşdırmada, təhlildə ciddi rol oynayıblar. Prezident müsahibədə Türkyə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamədə öz əksini tapan təhdid və təcavüz zamanı qarşılıqlı yardımla bağlı məsələlərə də toxunub. Türkiyə hər sahədə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da həmişə Türkiyənin yanında olub və bu bütün proseslərdə göz önündədir. Azərbaycan həm Rusiya ilə, həm də NATO-ya üzv olan Türkiyə ilə müttəfiqlik edir. Bu da çox mühüm məsələdir”.
Komitə sədri ölkə başçısının Azərbaycanda heç bir ölkənin hərbi bazasının olmaması məsələsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Məlum məsələdir ki, Azərbaycanda heç bir ölkənin, o cümlədən Türkiyənin hərbi bazası yoxdur. Sadəcə bəzi ermənipərəst qüvvələr, Fransanın siyasətçiləri və digərləri bu məsələni qabartmağa çalışırlar. Erməni mətbuatı da bu məlumatları yayır. Azərbaycanda heç bir ölkənin hərbi bazası olmayıb. Azərbaycan Prezidenti bunu bir daha təsdiqlədi”.