Düyünə düşən iki maddə – Onlar niyə vacibdir?
“Azərbaycan Prezidenti Rusiya mətbuatına müsahibəsində bu günə qədər sülhün əldə olunmamasının səbəblərini izah etdi. Dövlətimizin başçısı bildirdi ki, sülh sazişinin mətnini əhatə edəcək 17 bənddən 15-i razılaşdırılıb, ikisi qalıb”.
Bunu TNS-ə deputat Hikmət Məmmədov deyib.
Deputat xatırladıb ki, razılaşdırılmayan bəndlərdən bir Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiasının qalmasıdır: “Çünki Ermənistan konstitusiyasının preambula hissəsində “Dağlıq Qarabağ” ifadəsi var. Onun Ermənistana aid olması qeyd edilir. Bu, konstitusion hüquq kimi təsbit olunur. Belə olan halda, Ermənistanın bütün dövlətlərlə imzaladığı beynəlxalq ikitərəfli müqavilələr konstitusiya ilə ziddiyyət təşkil edərsə, üstünlük konstitusiyaya verilir. Çünki bu, Ermənistan konstitusiyaslında belədir. Biz Azərbaycana qarşı ərazi iddiası konstitusiyadan çıxarılmadan sülh müqaviləsi imzalasaq, o zaman Ermənistan Konstitusiya Məhkəməsi istədiyi vaxt bu sənədi ləğv edə bilər. Sənəd legitim olmaz. Təbii ki, Azərbaycan qeyri-legitim sənədi imzalaya bilməz”.
Deputatın sözlərinə görə, nəticə etibarilə hər bir ölkənin konstitusiyası referendum yolu ilə qəbul edilir və ümumi ictimai rəyi ifadə etmiş olur: “Belə çıxır ki, konstitusiya dəyişikliyi olmadan müqavilə imzalasaq, bu, sadəcə Paşinyan hökuməti ilə imzalanmış sülh müqaviləsi olacaq. Konstitusiyada dəyişiklik olarsa, sənədi Ermənistan dövləti, Ermənistan ictimaiyyəti ilə imzalamış olarıq. Bu, çox prinsipial məsələdir və Azərbaycan Prezidenti xüsusi olaraq, bu məsələni qeyd etdi”.
Hikmət Məmmədov deyib ki, ikinci məsələ qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrdə iddiaların qaldırılmaması ilə bağlıdır: “Bu nə deməkdir? Əgər Ermənistan Azərbaycana qarşı iddialar qaldıracaqsa, şübhəsiz ki, Azərbaycan da beynəlxalq məhkəmələrdə Ermənistanın torpaqlarımızı illərlə işğal altında saxlaması ilə bağlı iddia qaldıracaq. Biz bilirik ki, beynəlxalq məhkəmələr ədalətsizdir. Azərbaycan haqlı olduğu halda, Ermənistanın lehinə qərarlar çıxara bilər. Bu ehtimal çox yüksəkdir. Məhkəmə qərarları əsasında Azərbaycana təzyiq edə bilərlər. Ona görə Azərbaycan qarşılıqlı şəkildə məhkəmə iddiasının olmamasını istəyir”.
Deputat dövlətimizin başçısının Minsk qrupunun ləğvi məsələsinə toxunduğunu xatırladıb: “Bu da razılaşdırılmamış məsələlərdən biridir. Ermənistan Azərbaycanın ərazisi tərkibində Qarabağı tanıyır. Ancaq Qarabağ məsələsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun ləğvini istəmir. Bu, o deməkdir ki, Ermənistan gələcəkdə yenidən iddia qaldıra, Azərbaycanla danışıqlarda Minsk qrupunu yenidən vasitəçi kimi görmək istəyə bilər. Bu da yolverilməzdir. Yəni, göründüyü kimi, razılşadılmamış bəndlərin sayı az olsa da, onlar xeyli məsələni əhatə edir. Düşünürəm ki, cənab Prezident bir daha Azərbaycanın haqlı və beynəlxalq hüquqa uyğun mövqeyini ifadə etməklə bu məsələdə Azərbaycanın geri çəkilməyəcəyini ifadə etmiş oldu”.