Close

Bölgələrdə həkim çatışımır – Ötür-ötür oyunu...

Bölgələrimizdə əhali həkim çatışmazlığı problemi yaşayır.

Çünki Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 faizi paytaxtda cəmləşib.

Statiska nə deyir?

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda çalışan həkimlərin sayı 33,6 min nəfərdir. Bu da əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim də etmir.

Statistika göstərir ki, Bakı şəhəri həkimlərin sayının çoxluğuna görə (22,7 min nəfər) liderdir.

Sumqayıt şəhərində 1,5 min nəfər, Gəncə şəhərində 1,1 min nəfər həkim var.

Naxçıvanda 445, Abşeron rayonunda isə 417 həkim çalışır.

Mingəçevir şəhərində 392, Lənkəranda 336, Şəmkirdə 324, Şəkidə isə 304 həkim fəaliyyət göstərir.

Tovuz rayonu 264 həkimlə ilk onluqda yer alan rayonlar siyahısındadır. Bərdə, Şirvan, Zaqatala, Xaçmaz, Qazax, Masallı, Salyan. Quba rayonlarında 200-dən bir az yuxarı həkim çalışır.

Növbəti rayonlarda - Cəlilabad, Göyçay, Qəbələ, Qusar, Yevlax, Sabirabad, Balakən, Ağcabədi, Şamaxı, Beyləqan, Ağdaş, Goranboy, Kürdəmir, Qax və Tərtər rayonlarında ağ xalatlıların sayı 100 və ya bu rəqəmdən bir qədər artıqdır. Növbəti rayonlarda isə bu rəqəm 100-dən daha aşağıdır. Hətta Hacıqabul, Samux, Qobustan, Zərdab kimi rayonlarda onların sayı 50-dən aşağıdır. Babək rayonunda 38, Yardımlıda 38, Lerikdə 37, Ordubadda 34, Culfada 27, Şahbuz və Cəbrayıl rayonlarında 23, Sədərəkdə cəmi 9 həkim fəaliyyət göstərir.

Həkim çatmırsa, zərərini kim görür?

Hələ illər əvvəl kəndimizdə qonşumuzun Bakıya köçdüyü və buna görə evini satması ilə bağlı xəbər yayıldı. Ardınca, uşaq da olsaq, bizi sevindirən bir xəbər yayıldı. Həmin evi kəndin yeganə həkimi olan filankəs alır. Həkim qonşuluğa gəlirdi...

Ailə üzvləri arasında kimsə xəstələnəndə keçirilən təlaş, qorxu hissi hamıya tanışdır. Amma bütün bu təlaşın içində ilk ağla gələn həkim çağırmaq olur. O həkim gəlib xəstənin alınına əlini qoyan kimi, “zaval yoxdur” hissi ürəyimizi sakitləşdirir. Təbii ki, o həkim o evi almadı. Kəndin əksər sakinləri kimi o da paytaxta köçməyi seçdi...

Gələk bu günümüzə. Bu gün o kəndlərin yerlisi olan həkimlər az deyil. Amma onlar da çoxdan şəhərə köçüb. Başqa yerdən regiona həkim kimi çalışmağa getmək isə elə də asan deyil. Aşağı əməkhaqqı, normal şəraitin olmaması, kəndlərdə normal məişət şəraitinin, bəzilərində hətta məktəbin yoxluğu kimi məsələlər bir həkimin öz ailəsi ilə birlikdə kənddə fəaliyyət göstərməyini çətinləşdirir. Hippokrat adına and içənlərdən çox azı olar ki, fədakarlıq etsin, bütün çətinliklərə baxmayaraq...

Və nəticədə kənddə xəstələnən biri olanda çıxılmaz vəziyyət yaranır. Ya həkim ümumiyyətlə yoxdur, yaxud ixtisaslı həkimlər yoxdur. Həkimə aparılmayan insanların aqibəti isə taleyin ümidinə qalır. Vaxtında müdaxilə olunmadığı üçün dünyasını dəyişənlər az olmur.

Böyüyəndə polis olacağam?

Əvvəllər valideynlər arasında öz övladını həkim görmək istəyənlər daha çox olardı. İndi də az deyil. Amma problem ondadır ki, indi hansı uşaqdan böyüyəndə kim olacağını soruşursan, “polis” deyir. Ya da iş adamı olmaq istəyir.

Əvvəlki kimi hörməti qalmayan həkimlik peşəsinin, maaşı da qəpik-quruşdursa, kim gedib ucqar kənddə işləmək istəyər?

Min-bir zəhmət çəkib, həkim kimi yetişən insanlar ya qaçıb xaricə gedir, ya da daha çox müştəri cəlb edə bilmək üçün televiziyada fürsətdən istifadə edənlərin verilişlərində reklama ətək-ətək pul tökür.

Bu gün 10 milyonluq ölkənin səhiyyə sistemi iki fərqli, geniş tərkibli qurumla tənzimlənir. Bu sahədə hər hansı bir sual yarananda ötür-ötür oyunu başlayır. Səhiyyə Nazirliyinə sual ünvanlayırsan “bu məsələ TƏBİB-likdir” deyirlər. Ya da əksinə...

İndi bölgələrdə əhali oturub gözləyir ki, görək, hansı qurum, nə zaman onların həkim problemini həll edəcək. Vəziyyət bir neçə il belə davam etsə, elə onlar da həkimlərin arxasınca paytaxta cəmləşməyə məcbur qalacaqlar...

Aygün İbrahimli