Paşinyandan arvadı ilə bağlı "kişi" kimi açıqlama: "Mənlik deyil"
Dünən gecəni səhərə kimi Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasını fikirləşmişəm. Adam “kişi” kimi etiraf edib ki, Anna Akopyan onun arvadı deyil: “Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik. Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq Baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik”.
Tanınmış jurnalist, millət vəkili Aqil Abbasın bir sözü var e, “xalqın arvadı ilə işiniz olmasın”. Aqil müəllim belələri üçün deyib də.
İndi Paşinyan da Annanı özünə həyat yoldaşı saymırsa, demək ki, o, Paşinyanın yox, xalxın arvadıdır.
Paşinyan elə ailəni də Ermənistan kimi idarə edir deyəsən. Qərbin tırkasına gedir, tullanıb-düşür, axırda başına “Dəmir Yumruq” dəyəndə deyir ki, mənlik deyil. Şuşada Cıdır düzündə “Azərbaycan yallı”sı oynadı, guya Azərbaycana acıq verdi, “tanklarım Bakıya gələcək” dedi, şərab içib, Şuşada meyxoş oldu, bir də xəbər tutdu ki, həqiqətən erməni tankları Bakıdadır, Qənimətlər parkında. Sonra da çıxdı dedi ki, ay ermənilər, mən sizə demişdim axı Azərbaycan başımızı əzəcək. Birinci Qərbdəki “bacı” larının tırkasına getdi, Azərbaycana nota göndərdi, başı əziləndən sonra özünü “sudan quru” çıxarmaq üçün dedi ki, yox, mənlik deyil Ermənistan.
İndi də, Anna ilə 27 il bir yerdə yaşayandan sonra çıxıb etiraf edir ki, Anna onun arvadı deyil. Görəsən, Paşinyan Annanı da Qərbin dəstəyi ilə alıb? Yəqin Anna vaxtilə kiminsə, hansısa məmurun katibəsi olub, axırda Paşinyana deyiblər ki, Annanı al, sənə vəzifə verək. O da alıb. Burda nə var ki? Əsas vəzifəyə getməkdir, kimdi arvada fikir verən. Küçələrdə reportaj hazırlamaqdan bezən Paşinyan Annanı almaqla bu bəladan qurtarıb, irəli çəkilib, Baş nazirə qədər yüksəlib. Belə baxanda düz addım atıb, xalqın Baş naziri ola bilirsən, xalxın arvadını ala bilmirsən? Adam razılaşıb, qəbul edib, alıb, vəzifəyə gedib. İndi də etiraf edib. Sadəcə etirafı edəndən sonra xəbər tutub ki, bu etirafı özbaşına etdiyi üçün cəzalanacaq. Çünki adam hər şeyi böyük bacısı Makronla məsləhət edəndən sonra reallaşdırır axı. Annanı almağı bəlkə də müzakirə edib e, amma xalqa açıqlamanı ondan xəbərsiz verib. Makron da bundan qəzəblənib.
İndi bu etiraf Paşinyana baha başa gələ bilər. Fransa prezidenti dirəşsə, Paşinyan Anna ilə rəsmi nigaha da girə bilər. Çünki onun xəbərsiz etirafı Makronun “şərəf və ləyaqətinə” ləkə gətirə bilər.
Yaxşı ki, Paşinyan çıxıb deməyib ki, “uşaqlar da mənim deyil, Fransada yetimxanadan götürmüşəm”. Çünki Baş nazirdə o potensial da var. İnanıram ki, Nikol özündə cəsarət tapıb onu da etiraf edəcək. Xalq içindən “çıxan”, “xalxın arvadı”nı saxlayan Baş nazir mütləqdir ki, bizi çox gözlətməyəcək. Tezliklə çıxıb etiraf edəcək ki, Anna və onunla bir evdə yaşayan uşaqlar onun deyil. Səbirsizliklə gözləyirik, cənab Paşik!
Samir Əli