Paşinyanın sülh sazişini yubatmasının səbəbi bəlli oldu
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasında dəyişiklik edilməyəcəyini bildirib. Baş nazirin sözlərindən belə çıxır ki, Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh sazişinin imzalanması ilə bağlı heç bir irəliləyiş olmayacaq və bu ölkə qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkməyəcək.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, Paşinyan bu açıqlaması ilə sülh sazişinin imzalanmasını yubatmaq istəyir: “Paşinyan hər cəhdlə buna nail olmağa çalışır. Sülh sazişində əsas maddələrdən olan bu bəndi hələ də qulaqardına vurur. O, əvvəlki bəyanatlarında da demişdi ki, 2 maddə ilə bağlı məsələlər saziş imzalanandan sonra müzakirə edilə bilər. Açıq-aydın görünür ki, Paşinyan bu bəyanatları sazişinin imzalanmasını uzatmaq məqsədi ilə edir. O, hamını inandırmağa çalışır ki, Ermənistan konstitusiyasının bu hissəsində müstəqillik bəyannaməsinə istinad, guya konstitusiyanın əsas maddələrinə aiddir. Yəni ki, guya Ermənistan konstitusiyasının həmin maddələri tam başqa məqsəd daşıyır. O, bu adla cəmiyyəti inandırmağa çalışır. Açıq şəkildə görünür ki, Paşinyan konstitusiyada heç bir dəyişiklik etmədən, Azərbaycanla sülh sazişi imzalamaq istəyir. Nəticə əldə edəcəyi təqdirdə, bunu özünə bir nailiyyət sayacaq. Əks təqdirdə, sülh sazişini imzalamağı bir az da yubadacaq. Bu, onun siyasətinin əsas prioritetlərindəndir”.
Ekspert qeyd edib ki, Paşinyan layihənin sonuncu variantının xeyli vaxtdır, Ermənistanda olduğunu yaxşı bilir: “Azərbaycan Xarici İşlər Nazirliyi sonuncu variantı hələ COP29-dan qabaq Ermənistana təqdim edib. Onu da yaxşı bilir ki, Azərbaycan çox yaxın vaxtlarda Ermənistandan cavab istəyəcək. Ona görə də, Ermənistan sazişinin niyə gecikməsi sualından yayınmaq üçün bu cür təxribatlara əl atır. Amma bütün dünya dərk edir ki, sülhün əldə edilməsi Azərbaycandan çox, Ermənistana vacibdir. Dünya ictimaiyyəti onu da anlayır ki, Ermənistana bölgədə sülh istəmir. Buna görə də, Ermənistan sazişin imzalanmasını gecikdirir”.