“Rusiya Paşinyana heç nə edə bilmir”
"Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı kursu aydındır. O, ölkəsini addım-addım KTMT-dən uzaqlaşdırır. Baş nazir artıq bu işi geri dönüşün olmadığı nöqtəyə çatdıqlarını da deyib. Ermənistan KTMT-dən çıxmaq üçün atacağı son addım şansını gözləyir".
Bunu TNS-ə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, Paşinyandan fərqli olaraq Rusiyanın dövlət adamlarının, o cümlədən xarici işlər naziri Sergey Lavrovun mövqeyi tam aydın deyil: "Paşinyana heç nə edə bilmirlər, onu bu yoldan döndərə bilmirlər. Gələcəkdə nə edəcəkləri də məlum deyil. Paşinyan bir kal armud kimi Rusiyanın boğazına keçib. Nə qaytara, nə də uda bilirlər. Gah deyirlər ki, Ermənistanın KTMT-dən başqa təhlükəsizlik çətiri yoxdur, gah deyirlər heç kimi KTMT-də zorla saxlamırlar. Hətta Prezident Vladimir Putin deyir ki, Ermənistan tədbirlərə qatılmasa da, KTMT-də sənədlərin qəbulunda iştirak edir. Bəzən də deyirlər ki, Ermənistanın KTMT-də hüquq və öhdəlikləri yerindədir və sair. Ermənistan rəhbərliyi isə hər dəfə Rusiya məmurlarına cavab verir”.
Aydın Quliyevin fikrincə, bütün bunlar o deməkdir ki, Rusiya hazırda Paşinyanın KTMT-dən uzaqlaşmaq siyasətinə yalnız impulsiv ritorika ilə reaksiya verir: “Başqa nəsə edə bilmir. Hətta belə təəssürat var ki, Rusiya KTMT-ni Paşinyanın həmləsindən necə müdafiə etməkdə aciz qalıb. Xüsusilə, Lavrov uğursuz ritorikada məşhurdur. Bir halda deyir ki, Paşinyan KTMT- dən çıxmaq üçün sənəd göndərməyib. Başqa bir vaxt "kimisə zorla saxlamırıq", - deyir.
Bir sözlə, Paşinyan KTMT məsələsində ağıllı həmlə mövqeyindədir, Rusiya tutarsız müdafiədədir".