“Ermənistan acınacaqlı vəziyyətə düşəcək"
"Azərbaycanla heç kim diktə ilə danışa bilməz. Qalib tərəf kimi şərtləri biz müəyyən edirik".
Bunu TNS-ə deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ermənistanı müharibəyə hazırlayanlar Qərbin Cənubi Qafqazda möhkəmlənmək istəyən qüvvələridir: "Heç kəsə sirr deyil ki, Qərb Cənubi Qafqazda möhkəmlənmək istəyir. Onlar hesab edir ki, bu niyyəti həyata keçirmək üçün münbit şərait formalaşıb. Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və belə olan vəziyyətdə unikal şans yaranıb ki, Cənubi Qafqazda möhkəmlənsinlər. Bunu həyata keçirmək üçün Ermənistanın siyasi, hərbi rəhbərliyinin davranışı da münbir şərait yaradır. Ermənistan faktiki olaraq yeni de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmış kimi görünür. Düzdür, hüquqi baxımdan hələ də təmsil olunur, amma faktiki olaraq bu hərbi-siyasi təşkilatın heç bir fəaliyyətində iştirak etmir, tədbirinə qatılmır. Eyni zamanda "ağa"larını dəyişmək siyasətini həyata keçirir”.
E. Nəsirovun sözlərinə görə, Ermənistan əvvəllər Rusiya ilə hərbi əməkdaşlıq siyasətini həyata keçirirdisə, indi onun əvəzinə bir neçə istiqamət üzrə fəaliyyət göstərir. Fransadan müdafiə deyil, daha çox hücum silahları alır: “Eyni zamanda, Yunanıstandan müdafiə sistemləri almaq niyyətini ortaya qoyub. Bundan əlavə, Ermənistan Hindistan tərəfindən də silahlandırılır. Yəni, Ermənistan çox ciddi şəkildə silahlanır və yəqin ki, bu silahlar vitrinə qoyulmaq üçün deyil. Bütün bunlarla yanaşı, Ermənistan sülhdən, sülh müqaviləsi imzalamaqdan danışır.
Bayden administrasiyası bu məsələlərdə Ermənistanın hər zaman yanında olub. Ümid edirik ki, Tramp administrasiyası bu yanlış siyasətdən əl çəkəcək. Tramp administrasiyasının birinci hakimiyyəti dövründə biz gördük ki, onların Cənubi Qafqaz siyasəti daha balanslı idi. Azərbaycanın regiondakı yerini və rolunu daha düzgün qiymətləndirirdi".
Elman Nəsirov bildirib ki, Ermənistan revanş istəyini həyata keçirməyə çalışarsa, çox acınacaqlı bir vəziyyətlə üz-üzə qalacaq: "Ermənistanın bugünkü siyasi, hərbi rəhbərliyi sülh müqaviləsi imzalamağa hazır olmağından bəhs etməklə, əslində beynəlxalq ictimai fikrin gözünə kül üfürür, onu aldatmaqla məşğuldur. Amma əslində isə müharibəyə hazırlaşır. Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, hərbi təxribat və hərbi avantüra yolunu seçmək özünə qəsddən başqa bir şey deyil. Bu, siyasi dəlilikdir. Doğrudan da, Ermənistan belə bir yol seçib, onu reallaşdırmaq istəsə, bu, artıq odla oynamaq olacaq və od onları yandıracaq. Azərbaycan kifayət qədər güclü dövlətdir. Revanş istəyən Ermənistan rəhbərliyi ağlını başına yığsın, papağını qarşısına qoyub, düşünsün".
Ayşən Azadova