Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Ağadadaşın "iqruşka"sı

Xalq artisti Ağadadaş Ağayev dünən məhkəmədə ifadə verdi. Dedi ki, əlindəki balta yox, “iqruşka” olub.  Hamı inandı. Sadəcə bu “iqruşka” bir az tərbiyəsiz olub deyə, iki nəfəri yaralayıb.

Xalq artisti məhkəmədə hələ zərərçəkmişlərə də əsəbiləşib. Onlara deyib ki, cəfəngiyyat danışmasınlar, heç kim xəsarət almayıb. Zərərçəkənlər də sakitcə oturublar ki, amandı, danışarıq, bu dəfə avtomat çıxarar üstümüzə. Avtomatın da “iqruşka”sı var axı...

Əslində, Ağadadaş Ağayev düz deyir. Çünki bu Xalq artistidi, o birilər isə adi qapıçı-mühafizəçi və xadimə. Səviyyə söhbəti var. Xalq artisti hara, xadimə hara. Ağadadaş üçün təkcə balta yox, elə o işçilər də “iqruşka”dır. Ona görə də Ağadadaşın nəinki balta, həmin şəxslərin həyatı ilə də “iqruşka” oynatmağa “ixtiyarı” var.

Kasıbsan, otur kasıb yerində də. Niyə baxırsan Ağadadaşa, səni döndərə baltabaşa? Kişi Xalq artistidi, o boyda titulu, varidatı, imkanı var. Sənin nəyin var? O adla sənə balta da atmasın? Bəlkə gəlib səninlə qapıda yan-yana dayansın? Elə şey olar? Hələ bir ona əl də qaldırırsan, ay qapıçı.

Sən gördün ki, Ağadadaş Ağayev səni balkondan çağırır, ayaqqabılarını çıxar, qaça-qaça get balkonun altında təzim elə, de ki bəli Ağa, buyur Dadaş. Yoxsa ki, o boyda kişi çağırır, sən də ona sərt cavab verirsən? Bunu kim götürər? Heç adi bina komentantı bu sözləri həzm eləməz, onda qala o boyda Ağadadaş Ağayev qəbul edə.

Məhkəmə də düz eləmir də. Ağadadaş Ağayevi məhkəməyə çağırır, kasıb qapıçı ilə üz-üzə qoyur? Əslində məhkəmə Ağadadaşın evində keçirilməli idi, üzr istəməli və üzr istədməli idi ondan. Olmaz! Bu, ikinci hörmətsizlikdir Xalq artistinə.

Xalq artisti adı alıbsa, demək ki, aşağı təbəqədən seçilməlidir. Xüsusi çəkisi olmalıdır, xüsusi hörmət qoyulmalıdır. Axı, Vətən yolunda, torpaq uğrunda can qoyub, ad alıb, status qazanıb.

Xalqın artisti xalqı baltalamalıdır, xalqa qan uddurmalıdır, vurmalıdır, döyməlidir. Çünki onu xalq özü seçib. Əgər seçmisənsə, dözməlisən. 10 milyon adamın içindən niyə Baladadaşı, Atadadaşı seçmədin, Ağadadaşı seçdin? Demək ki, fərqi bilmisən, bu adamı dəyərləndirib ona Xalq artisti adı qazandırmısan da. Qazandırmısansa, deməli, qiymətləndirməlisən, boynunda gəzdirməlisən, hər şıltaqlığına baş əyməlisən, hər özbaşınalığına haqq qazandırmalısan, döyülməlisən, söyülməlisən. Çünki sənin həyatın həqiqətən də Ağadadaş üçün “iqruşka”dır, vəssalam!

Samir Əli