Close

10:05
04 Dekabr 2024

"Tramp HƏMAS-ı bitirəcək gücdə deyil"

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp HƏMAS qruplaşmasını təhdid edib. O bildirib ki, gələn il yanvarın 20-dək girovlar azad edilməsə, Yaxın Şərqdə bu vəhşilikləri törədənlər ağır bədəl ödəyəcəklər.

Trampın hədəsinin HƏMAS-a hansısa təsiri olacaqmı?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun sözlərinə görə, Trampın bu sözləri bir az populist açıqlama kimi dəyərləndirilə bilər.

Politoloq bildirib ki, HƏMAS-ı indiyədək bir neçə dövlətin sərt reaksiyası və tələbi dayandıra bilməyibsə, deməli, bundan sonra da qrupun sıradan çıxarılması asan deyil: "Ən çətin vəziyyətlərdə belə HƏMAS-ı sıradan çıxara bilmirlər. Düzdür, İsrail orada əvvəlki dövrlərdə də müxtəlif formada əməliyyatlar keçirib, lakin münaqişə bitmir. Çünki HƏMAS birbaşa fələstinlilərin özlərindən könüllü olaraq yaradılan bir silahlı dəstədir. Ona görə də HƏMAS-ı yox etmək məsələsi real görünmür. Ola bilər ki, Donald Tramp İsrailə dəstəyi artırar, bu da bir ehtimaldır. HƏMAS-a gedən maliyyə kanalların tamamilə bağlamağa çalışar. Amma hər vəziyyətdə tamamilə sıradan çıxarılması məsələsi çətindir”.

S. Hümbətov qeyd edib ki, Tramp HƏMAS-ı bitirəcək gücdə deyil: “Trampın dörd il hakimiyyət dövrü var və o, bu müddətdə müəyyən təzyiqlər göstərə bilər. Lakin HƏMAS-a yardım edən ölkələr də kifayət qədərdir”.

Ayşən Azadova