3 dekabr onların günüdür
BMT Baş Assambleyasının qətnaməsinə əsasən, hər il dekabrın 3-ü Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü kimi qeyd edilir.
Məqsəd ictimaiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəldilməsidir.
TNS xatırladır ki, Azərbaycanda hazırda əlilliyi olan şəxslərin ümumi sayı 488 min 744 nəfərdir. Bu, ümumi əhalinin 4,8 faizi edir. 46 654 nəfər əlilliyi olan uşaq var. Sosial müavinət alan əlilliyi olan şəxslərin sayı 162 min 813 nəfərdir.
Ölkəmizdə 18 yaşadək əlilliyi olan uşaqların 1 nəfərinə düşən aylıq müavinat 196 manat, orta aylıq sosial müavinət isə 162 manatdır.
Əlilliyi olan pensiyaçıların sayı 273 min 153 nəfərdir ki, onların 132 983 nəfəri qadın, 140 170 nəfəri isə kişidir. Əlilliyi olan 273 min 153 nəfərdən yalnız 43 789 nəfəri işləyir.
Qeyd edək ki, əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.
Azərbaycan Respublikası Prezidentinin əlilliyi olan şəxslər üçün təqaüdləri: Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 130 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 210 manat, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 80 manat, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 80 manat vəsait ödənilir.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 335.69 manat, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 337.63 manat, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 339.90 manat, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 350.19 manat vəsait verilir.
Xüsusi qayğıya ehtiyacı olanların sayı 97 min nəfərdir. Onlardan yetkinlik yaşına çatmayanlar 47 000 nəfər, yetkinlik yaşına çatanlar isə 50 000 nəfərdir. İnkluziv təhsilə cəlb olunmuş əlilliyi olan uşaqların sayı cəmi 120 nəfərdir ki, bu da ümumi əlilliyi olan uşaqların 0.2 faizini təşkil edir.
Aygün