Deputat: "Qərb Cənubi Qafqazda idarəçiliyi ələ keçirmək istəyir"
"Gürcüstanda baş verən hadisələr Qərbin bu ölkəni ələ keçirməsi deyil".
Bunu TNS-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Qərbin məqsədi ayrı-ayrı ölkələr vasitəsilə Cənubi Qafqazda nəzarəti tam şəkildə ələ almaq və istədikləri kimi idarə etməkdir: “Çünki Ukrayna və Moldova hadisələrində fiaskoya uğradılar. İndi Qərb artıq Ermənistandan başqa cür istifadə edir, bu prosesi Gürcüstanda da tətbiq etməyə çalışır. Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasət onlara ən ciddi mane olan amillərdəndir. İndi Qərb çalışır ki, Azərbaycanla bağlı Ermənistandan təzyiq vasitəsi kimi istifadə etsin. Bu, Qərbin özünəməxsus siyasətdir.
Gürcüstana gəlincə isə məlum məsələdir ki, Qərb bu ölkədə keçirilən parlament seçkilərində müəyyən qanunları qabartdı. İstədilər ki, parlament, prezident onlara uyğun olsun. Bu, Qərbin əsas ssenarisindən biridir ki, planlarını həyata keçəndən sonra artıq Gürcüstanı idarə etməyə başlasınlar. Azərbaycan-Gürcüstan parlament qrupunun rəhbəri kimi seçkilər zamanı oradaydım. Həmin seçkiləri müşahidə elədik. Qərbin seçkilərdə qanun pozuntuları ilə bağlı iddialarının hamısı absurd idi, çox şəffaf və demokratik seçkilər keçirildi, bir qanun pozuntusu belə olmadı. Mərkəzi Seçki Komissiyası nətəcələri açıqlayanda da onlar təxribat yaratmaq istədilər, alınmadı. MSK öz sözünü dedi”.
Komitə sədri bildirib ki, hazırkı Prezident Salome Zurabişvili bunun son addımları olduğunun fərqindədir: “Amma Zurabişvili bununla razılaşmır, postdan getmək fikri yoxdur. Buna görə də o, etirazçılara qoşulub, parlament qarşısına gəlib. Onun başqa yolu yoxdur, özünü xalqın içərisində göstərmək istəyir. Düşünürəm ki, Zurabişvilinin konstitusiyaya zidd hərəkətləri olarsa, onun barəsində cinayət işi başlana və həbs edilə bilər. Zurabişvilinin etirazlara qoşulması siyasi gedişdir. Düşünürəm ki, Gürcüstanda yeni prezident seçiləcək. Artıq “Gürcü arzusu” Partiyasının öz namizədi də var”.
A. Nağıyev bildirib ki, xanım Zurabaşvili Qərbin dəstəyi ilə hakimiyyətə gəlib: “Bunu unutmaq olmaz. Düşünürəm ki, Gürcüstan vətəndaşları son 4 ildə çox siyasiləşmişdi. Bunun da səbəbi Avropa İttifaqı və onların bir sıra dövlətlərinin birbaşa təsiridir. Həmin dövlətlərin də idarə etdikləri qeyri-hökumət təşkilatları var ki, onlar həmin təşkilatlardan istifadə edirlər. Avopa İttifaqından maliyyələşən QHT-lər həmin maliyyəyə görə gördükləri işlər barədə onlara hesabat verməlidirlər. Bu gün Gürcüstandakı etirazlarda heç bir müxalifət liderləri görünmür. Qarşıda duranlar yalnız QHT nümayəndələridir”.
Komitə sədri deyib ki, Gürcüstanın Baş naziri 2029-cu ilə qədər Avropaya inteqrasiya ilə bağlı danışıqları dayandırmağı deyib: "Baş nazir təklif etdi ki, əgər Avropa İttifaqının Gürcüstandakı səlahiyyətli səfiri Avropaya inteqrasiya müqaviləsini bu gün təklif edərsə, imzalamağa hazırdır. Biz bunu Ukrayna məsələsində də gördük ki, təklif reallaşmadı. Gürcüstanda da eyni ssenaridir. Bir məsələni də qeyd edim ki, bu prosesdə Gürcüstanın Avropa İttifaqına Abxaziyasız daxil olma məsələsi var. İndiki hakimiyyət də bunu başa düşür və dərk edir ki, bu prosesin sonu nə ilə nəticələnəcək. Əgər Gürcüstan gələcəkdə Avropa İttifaqına inteqrasiya etmək istəyirlərsə, düşünürlər ki, 2028-ci ilə qədər ərazi bütövlüyünü bərpa etmək ikmkanı da yarana bilər. Çünki onlar Azərbaycanın nümunəsini görüb və həmin nümunəni tətbiq etmək istəyir. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət nəticəsində biz ərazi bütövlüyümüzü tam bərpa etdik, sonra hansısa beynəlxalq təşkilatlarla danışıqlara getmək yolunu tutduq. Gürcüstan da hazırda həmin nümunəni tətbiq etmək istəyir. Avropa İttifaqı isə QHT-lərə arxalanıb, Gürcüstanda hansısa çevriliş etmək istəyir. Amma düşünürəm ki, Gürcüstanın xüsusi xidmət orqanları da, Daxili işlər nazirliyi də, rəhbərlik də buna imkan verməyəcək”.
A. Nağıyev bildirib ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünü tam bərpa etməsinə şərait yaratmalıdır.