“Biz düşmən deyilik” – Deputatdan SƏRT AÇIQLAMA
“Dövlətimi sevirəm, xalqımı sevirəm, həm də ədalət və haqqı sevirəm. Bu gün parlamentdə sosial məsələlərlə bağlı ciddi müzakirə gedib, təkliflər, tənqidlər səsləndirilib. Heç kim dövlətimizə zərər vermək, xainlik etmək, oturduğu kürsüyə xəyanət etmək yolunu tutmayıb. Hamı çalışıb ki, sosial siyasət sahəsində elə işlər həll edilsin ki, xalq razı qalsın, ədalət tərəzisi pozulmasın”.
TNS xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, onu narahat edən məqamlar var: “Televiziyalar birtərəfli məlumatlar yayır. Nə qədər söz dedik, təklif irəli sürdük, narahatlıq dilə gətirdik, qarşılaşdığımız faktları söylədik, onlar yer almadı, birtərəfli reportajlar, müvafiq nazirliyin dilindən darıxdırıcı rəqəmlər səsləndirildi.
Bəs bizim dediklərimiz harada qaldı? Rəqəm sadəcə atılan addımın göstəricisidir, real vəziyyətə güzgü tutan rəqəmdir, amma müsbət dəyişikliklər üçün güzgü deyil. Sən bir nəfərə bir manat verə bilərsən, bu rəqəmdir, amma müsbət dəyişiklik o rəqəmin real yaşayış vəziyyətinə olan nisbəti ola bilər. Gördüyümüz işlərlə bağlı o qədər rəqəm sadalamaq olar ki...”
Millət vəkili bildirib ki, yalnız rəqəm müsbət dəyişikliyin göstəricisi deyil. Rəqəm statistikadır.
“Biz düşmən deyilik, ölkəmizin, aparılan sosial siyasətin daha effektli olması üçün müzakirənin, qarşılıqlı anlaşmanın və qarşılıqlı hörmətin tərəfdarıyıq. Hər tərəfin fikrini işıqlandırın. İnkişaf qarşılıqlı müzakirə, sağlam tənqid və anlaşma nəticəsində olur”, - deputat əlavə edib.