Avropanın nüvə qorxusu – 100 milyonlarla insanı sığınacaqla təmin etmək...
Avropa ölkələri Rusiyanın mümkün hücumundan qorunmaq üçün hərəkətə keçib.
Almaniyanın hazırladığı mühafizə planına əsasən, yeni sığınacaqlar yaradılacaq, vətəndaşlar özlərini qorumaq barədə təlimatlandırılacaq.
Polşada isə 2026-cı ildən sonra tikiləcək evlərdə qoruyucu otaqların olması məcburiyyəti gətirilir.
Avropadakı bu hərəkətliliyin səbəbi nədir?
Siyasi şərhçi Elçin Xalidbəyli mövzu ilə bağlı TNS-ə deyib ki, Avropa ölkələri yeni müharibənin yaxında olduğunu dərk edir: “ABŞ və Qərb ölkələri nə etdiklərini özləri çox gözəl bilir. Məsələn, Ukrayna ilə Rusiyanın arasında müharibənin başlaması ABŞ və Qərbin xüsusi planı idi. Savaşının dayandırılmasına real imkanlar mövcud olduğu halda Ukraynaya icazə verildi ki, Rusiyanın dərinliklərinə zərbə endirsin. Ukrayna hələlik Rusiyaya daha böyük zərbələr endirə bilməsə də, müəyyən dərinlikləri vurmağa başlayıb. Qərb bilir ki, bu, qlobal bir savaşın başlanğıcına çağırış deməkdir. Rusiya hansısa mərhələdə Ukraynanın raket zərbəsinə Avropa ölkələrinə zərbə endirməklə cavab verə bilər. NATO ölkələri hansı fəlakət ssenarisini işə saldıqlarının fərqindədir. Avropa onu da yaxşı bilir ki, Rusiya NATO ilə müharibə variantında məğlubiyyətə məhkum bir ölkədir. Heç bir halda NATO-ya qalib gələ bilməz”.
O qeyd edib ki, Qərbin diqqətində olan məsələlərdən biri Rusiyanın uduzacağı təqdirdə nüvə silahından istifadəsidir: “Hazırda Avropa ölkələrində yaşanan təlaşın əsas səbəbi məhz bununla bağlıdır. Rusiyanın yaxın gələcəkdə nüvə silahından istifadə etmə ehtimalı artdığı üçün artıq qorxuya düşüblər və sığınacaqlar barədə düşünmək məcburiyyətində qalıblar”.
Siyasi şərhçi vurğulayıb ki, Avropanın 100 milyonlarla insanı sığınacaqla təmin etməsi mümkün deyil: “Hər iki tərəf dünyanı elə bir vəziyyətə gətirib çıxarıb ki, Yer kürəsi böyük fəlakət ssenarisi ilə üz-üzədir. Onu dayandırmaq üçün hələ ki, zaman var, amma bu zamandan istifadə edib-etməmək məsələsində də ssenarinin müəllifləri tərəddüd edirlər”.
Ayşən Azadova