"Leş Tofiq"in "dönərxanaları", tezbazar zəhərlənmə...
Azərbaycanda ən çox zəhərlənmə halları “fast food” yeməklərindən, xüsusən də dönərdən baş verir. Artıq bu zəhərlənmə demək olar ki, adi hala çevrilib. Əsasən uşaq və yeniyetmələrin üstünlük verdiyi bu yemək demək olar ki, həyatımızın zəhərlənməsinə hesablanıb. Hər ay dönərdən zəhərlənmə halları baş verir. Səbəb nədir? Niyə bu yemək insanları zəhərləyir?
Səbəblər çoxdu, lap çox. Birincisi, müxtəlif heyvan ətlərindən hazırlanan bu “tezbazar” yemək bişirilmir. Ya elektrik, ya qaz, ya da odunla işləyən xüsusi sobalarda ütülür, qızardılmaq adı ilə insanlara sırınır. Bişirilməyən ətin isə tərkibindəki müxtəlif mikroblar ölmür, insan orqanizminə daxil olur və orqanizmdəki maddələr mübadiləsi pozulur.
İkincisi, bu yeməyin qazda və ya odunda qızardılması qadağandır. Amma qanunla qadağandır, reallıqda yox. Bu gün Bakıda və digər ərazilərdə qaz və odunla “bişirilən” bu yeməklər insanlara “köz dönəri” adı ilə satılır. Uşaq, yeniyetmə və gənclər isə elektrik sobasında bişirilən dönərə yox, həmin “köz dönəri”nə üstünlük verir. Odunun hisində qaralan, kömür qazının hopduğu həmin dönər də orqanizmə ciddi ziyan vurur. Dönər biznesi ilə məşğul olan sahibkar işbazlar isə bunun fərqinə varmadan insanları mədəni surətdə zəhərləyirlər. Nəticədə, ölkədə ard-arda kütləvi zəhərlənmələr baş verir, insanların həyatı ciddi təhlükədə qalır.
Üçüncüsü, neçə illərdir ki, dönərin hazırlandığı ətlər barədə müxtəlif məlumatlar yayılır. Dəfələrlə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinatyətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları bölgələrdən ölmüş və mənşəyi məlum olmayan heyvan ətlərini dönərxanalara verən mütəşəkkil dəstələri ifşa edib. Amma yenə də həmin şəxslər fəaliyyətini davam etdirir, dönərxanalara mənşəyi məlum olmayan heyvan ətləri gətirilir. Yəqin ki, ictimaiyyətin yadından çıxmayıb məşhur “Leş Tofiq”. Həmin Tofiq neçə illər bölgələrdən ölmüş heyvanlarla yanaşı, at, eşşək, camış ətlərini də “təmiz mal” adı ilə dönərxanalara verib özünə babat biznes qurmuşdu. İfşa olundu, həbs edildi, nə olsun? Hansı dönərxanalar nəzarətə götürüldü? Hansı dönərxanaya gətirilən ətlərin tərkibi yoxlanıldı? Heç biri. Yenə eyni vəziyyət, eyni qayda və eyni zəhərlənmələr. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hər dəfə zəhərlənmə baş verəndən sonra araşdırmalara başlayır, nəticə isə olmur. Ya deyəcəklər ki, dönərin içindəki pomidor zəhərləyib, göyərti köhnə olub, ya da deyəcəklər ki, araşdırma apardıq, vəssalam.
Amma deməyəcəklər ki, ölkədə “leş Tofiqlər”in sayı durmadan artır, yenə murdar ət biznesi gedir. Tofiqlər dönərxanalara leş daşıyacaq, biz də yeyib leş iylənəcəyik. Zəhərlənmələr isə kəllə-çarxdadır!
Samir Əli