Close

20:39
22 Noyabr 2024

Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin Ukrayna ilə bağlı təmas və danışıqlara hazır olduğunu bildirib. O, həmçinin Rusiya dövlət başçısının bu məsələ ilə bağlı ABŞ-də prezident seçkilərində qələbə qazanmış Donald Trampla da danışıqlara hazır olduğunu əlavə edib.

Peskovun bu açıqlamasını müharibənin bitəcəyi anonsu kimi qəbul etmək olarmı?

Deputat Elman Nəsirov TNS-in bu barədə sualına cavab olaraq bildirib ki, Peskovun bu fikirləri indiki şəraitdə adekvat deyil, çünki vəziyyət kökündən dəyişib.

O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının yanvarın 20-də vəzifəsini təhvil verəcək Prezidenti Cozef Baydenin Ukraynanın Rusiya ərazilərində ABŞ raketlərindən istifadəsinə icazə verməsi, Ukraynanın ABŞ-yə məxsus “ATACMS” raketlərindən istifadə etməsi vəziyyəti dəyişib: "Artıq Putin nüvə doktrinasında dəyişiklik edib. Sənədi yeniləşdirib və bu, imkan verir ki, Rusiya öz təhlükəsizliyi üçün ciddi təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə edə bilsin. Rusiyanın mövqeyi belədir ki, Birləşmiş Ştatlar və Böyük Britaniya raketlərindən Rusiyanın dərinliklərinə qarşı istifadə edilməsi Moskva tərəfindən həmin ölkələrin ərazilərinin qanuni hədəf olması anlamına gəlir".

Deputat deyib ki, bu nöqteyi nəzərdən artıq bəzi ekspertlər bir qədər də qabağa gedərək, Üçüncü Dünya müharibəsinin başlandığının anonsunu verirlər: “Dünya doğrudan da bu dəfə ikinci "Karib böhranı"na yaxınlaşır. 1960-cı illərin əvvəlində 13 günlük "Karib böhranı" olmuşdu və dünya artıq nüvə müharibəsi ilə üz-üzə qalmışdı. İndi də oxşar vəziyyətdir və belə olan halda hər gün nüvə müharibəsi təhlükəsi bir qədər də artır.

Hesab edirəm ki, Ukrayna-Rusiya sülh danışıqlarının baş tutması imkanları əksinə daha da zəifləyib. İndi sülhdən yox, daha dəhşətli proseslərdən söhbət gedir. Rusiyanın və Qərb mətbuatının yaydığı məlumatlara görə, qitələrarası ballistik raketdən Dneprpetrovsk şəhərinə zərbə endirilib. Bu, müharibə tarixində qitələrarası ballistik raketdən istifadə faktının ilk dəfə qeydə alınmasıdır. Həmin raketə nüvə başlığı yerləşdirilsəydi, bunun hansı fəlakətlərlə nəticələnəyini proqnozlaşdırmaq elə də çətin deyil. Yəni Rusiya bununla həm də bir siqnal verir ki, onuı bu addımı atmağa vadar etməsinlər".

Ayşən Azadova