Netanyahu və Qallantı hansı dövlət həbs edəcək?
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbs olunmasına order verib.
Onların həbsi mümkündürmü?
Bu qərar bölgədəki münaqişənin istiqamətini dəyişə bilərmi?
Məsələ ilə bağlı TNS-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, ədalət mühakimələri qanuni aparılmır və birtərəfli verilən hökmlər, əksinə, bölgədə vəziyyəti daha da gərginləşdirir: “Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına görə, dövlətlər tərəfindən belə müraciətlər edilə bilər. İndiki halda məsələnin siyasiləşdiyi də şübhə doğurmur. Çünki bir neçə saat öncə İsrail Prezidenti məhz məhkəmə qərarını pisləyən bəyanatla çıxış edib. Orada göstərilir ki, əksinə, İsrail xalqının məhz mövcudluq təhlükəsi ilə üz-üzə qaldığı, bir neçə dövlət tərəfindən təhdid olunduğu bir halda belə qərarən verilməsi ədalət mühakimələrinin qanuni aparılmadığını göstərir.
Məsələyə həqiqətən də qlobal təhlükəsizlik nöqteyi-nəzərindən yanaşdıqda ilk növbədə Azərbaycan dövləti olaraq bizim də mövqeyimiz ondan ibarət olub ki, bu vəhşət, insan qırğınları, fəlakət dayandırılmalıdır. Çünki həqiqətən də savaşın, coğrafiyası genişləndikcə müharibə cinayətlərinin, bəşəri, yəni qeyri-insani aktlar və əməllərin qarşılıqlı olaraq törədilməsi baş verə bilər. Ancaq o biri tərəfdən, həqiqətən də İsrailin məhz uzun illər ərzində müxtəlif terror birləşmələri tərəfindən də real təhdid əməllərinə, təxribatlara, terrora, zərbələrə məruz qaldığı da inkaredilməzdir. Əslində 2023-cü ilin 7 oktyabrında edilən məlum hücumlar da sanki bundan sonrakı proseslərin tərkib hissəsinə çevrildi”.
Deputat bildirib ki, həmin məhkəmə uzun illər ərzində müharibə cinayətləri törətmiş Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, hazırda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan separatçılar barədə belə qərarlar verməyib: “Nə üçün siyasi əmr gözlənilirdi? Bu tapşırıqlar haradan verilməli idi ki, onlar Haaqa tribunalının Miloşeviç, Karaciç, Gigi üzərində qurulan prosesləri eynən Ermənistanın hərbi cinayətkarları üçün də təşkil etsinlər? Axı, bu, həqiqətən də ondan sonrakı qırğınların qarşısını ala bilər, savaşın şiddətinə təsir göstərərdi. İşğalı bir an öncə durdurmağa kömək edərdi”.
Z. Oruc qeyd edib ki, Netanyahu və Qallantın indiki halda həbs olunması real görünmür: "Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına qoşulan ölkələrdə Netanyahunun və Qallantın dərhal həbs edilərək, təhvil verilməsi gerçəkləşəcəkmi? Bu, hansı nəticələr doğuracaq? Hazırda ən vacib suallar bunlardır. Bu proses praktikada ayrı-ayrı ölkə rəhbərləri ilə bağlı tətbiq olunub. Amma mən indiki reallıqda onun gerçək olmadığını düşünürəm. Çünki bir tərəfdən İsrailin özünün, yəni xalqının qorunması üçün gətirdiyi güclü hüquqi arqumentləri var. Amma eyni zamanda Qəzzada törədilən hadisələr kifayət qədər ağır mənzərə yaradır. Ona görə də əsas siyasi qurumların addımlar atması, dövlətlərin rəhbərləri tərəfindən, xüsusilə də qərarlar və qətnamələrin qəbul edilməsi, silahlı yardımların dayandırılması baş verməlidir ki, ondan sonrakı hansısa hüquqi qiymətləndirmələrin bir nəticəsi ola bilər. İndiki gerçəklikdə sanki Beynəlxalq Cinayət Məhkəməsi BMT-nin əsas siyasi strukturlarını əvəz edir.
Həqiqətənmi indiki reallıqda İsrailin Baş naziri və onun silahlı qüvvələrinə rəhbərlik edən şəxslər dərhal tutularaq mühakimə ediləcək? Bunu çox da real saymaq olmaz. Bütün hallarda bizim üçün Yaxın Şərqdə əmin-amanlığın, sülhün təmin olunması çox önəmlidir. Bu məsələ üzərində addımlar atılacağı təqdirdə, real olaraq Qəzzada əhalinin kütləvi qırılmasının qarşısı alına bilər və bizim də arzuladığımız məhz budur".
Ayşən Azadova