Close

22:36
21 Noyabr 2024

Rusiya hərəkətə keçdi – Müharibənin gedişatı...

Rusiya hökuməti nüvə sığınacaqlarını təkmilləşdirmək və yenilərini inşa etmək üçün hərəkətə keçib. Bu addım Kremlin geosiyasi gərginliklər fonunda “dünyanı sarsıdan yeni bir müharibəyə hazırlıq” mesajı kimi qəbul edilir.

Rusiyanın bu hazırlığı 3-cü Dünya müharibəsinin başlamasına işarədirmi?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirib ki, dünyadakı son vəziyyətə baxdıqda hazırda 3-cü Dünya müharibəsi getdiyini demək olar.

Deputat qeyd edib ki, ayrı-ayrı ölkələr özləri olmasa da, başqa dövlətlərin əli ilə rəqiblərini oyuna çəkə bilib: "Bildiyimiz kimi, Rusiya ilə Ukrayna arasında müharibə uzun müddətdir, davam edir, artıq min günü keçib. Eyni zamanda Yaxın Şərqdə, Orta Şərqdə, Afrikada gərginliklər var. Dünyanın diqqət mərkəzində əsasən, Rusiya-Ukrayna savaşı, İsrail-Fələstin, İsrail- “Hizbullah” qarşıdurmasıdır. Belə olan halda təbii ki, hər bir dövlət digərinə təsir göstərmək üçün təzyiq mexanizmini işə salır. Bu baxımdan hesab edirəm ki, Rusiya yalnız Ukraynaya yox, bütövlükdə Qərb ölkələrinə mesaj ötürür, bir növ təhdid dilində danışır. Məsələnin əslinə baxanda isə Rusiya da, Ukrayna da müharibədən yaxasını qurtarmaq istəyir. Hazırda demək olar ki, 3-cü Dünya müharibəsi gedir. Hesab edirəm ki, Trampın gəlişindən sonra Rusiya-Ukrayna cəbhəsində də ABŞ-nin maraqlarının bir qədər təmin olunması şərti ilə müəyyən razılaşmaya ümid etmək olar. Ona görə Rusiyanın bu addımını təhdid hesab edirəm. Amma indiki halda bunun tam reallaşacağını düşünmürəm". 

Ayşən Azadova