ABŞ-də Tramp, Ağsuda Bətdo...
90-cı ilin əvvəllərində bizim rayonda bir ruhi xəstə var idi, adını Bətdo deyirdilər. Gənc idi, heç kimi yoxdu. Rayonun bazarında gəzirdi, camaatın yazığı gəlirdi - ona pul, çörək verirdi. Bətdo da elə bu yolla gününü keçirirdi. Bazarda bəzi sahibkarlar onun əməyini də istismar edirdi - un, buğda, ağır yüklər daşıddırıb, əvəzində qəpik-quruş, iki peraşki və sair verirdilər.
Bir dəfə eşitdik ki, bir sahibkar Bətdonu himayəsinə götürüb, bazarda süpürgə satdırır. Təsəvvür edin, həmin sahibkar süpürgə satmaqla əvvəl mağaza, sonra biznesini genişləndirməklə topdansatış mərkəzi açdı. Sahibkar əvvəl də süpürgə satırdı, həmin şəxsi hamı "süpürgəsatan Səftər" kimi tanıyırdı. Amma heç vaxt imkanlı olmamışdı. Bu adam bir növ Bətdonun reklamından istifadə edib qazandı. Çünki Bətdo süpürgəni onun kimi yox, qeyri-adi üsulla satırdı. Deməli, Bətdo səhər tezdən gəlirdi bazara, süpürgə piştaxtasını açırdı, süpürgənin birini götürüb gitara “düzəldirdi”, başlayırdı “Şinanay” türk mahnısını çalmağa. Hamı da yığışırdı Bətdonun başına, pul verirdi, qulaq asırdı, əylənirdi, gedəndə də süpürgə alırdı. Bazarda digər süpürgə satanlar gördülər ki, mal sata bilmirlər, hamı süpürgəni Bətdodan alır. Onlar da alveri tərgitdilər, keçdilər başqa işlə məşğul olmağa. Bazarda süpürgəni bircə Bətdo satırdı. Nəticədə həmin sahibkar süpürgə satmaqla pullandı, imkanları artdı.
İndi də xəbər oxudum ki, ABŞ Prezidenti Donald Tramp gitara alverinə başlayıb. Seçkilərdə qalib gələn Tramp bir sıra eksklüziv gitaraların satışını elan edib və bəzilərinə şəxsən imza atıb.
Bu barədə Tramp özünün “Truth” sosial səhifəsində yazıb. “Trump Guitars” saytının məlumatına görə, musiqi alətləri artıq satışdadır. Qeyd edilir ki, istehsal olunan 1,3 min nüsxədən yalnız 1275 gitara satışa çıxarılacaq.
Xəbəri oxuyanda yadıma həmin Bətdo düşdü. Söhbət hansısa musiqi alətini satmaqdan getmir, əsas o aləti kimin satmasıdır. Gitaranın satışı birə-beş artacaq, hamı da deyəcək ki, bu gitaranı Trampdan almışam. Bir var gitaranı Anton sata, bir də var Tramp. Gitaranın içi, səsi, simi, materialı eyni olsa da, satan adam gör kimdi...
Dediyim kimi, bir var süpürgəni Səftər sataydı, bir də var Bətdo.
İndi ABŞ-də də vəziyyət eynidi. Ha Ağsuda Bətdonun süpürgə satması, ha ABŞ-də Trampın gitara satması. Şirkət satanda o gitara alınmayacaqdı, alınsa da, satış zəif olacaqdı. Amma Donald Trampın imzası olan gitaranın satışının qarşısını almaq olmayacaq.
Nə deyək? Xeyirli, bərəkətli olsun. Amma mən niyə o boyda Trampı Bətdoya oxşatdım, heç özüm də bilmədim.
Samir Əli