Close

09:48
21 Noyabr 2024
23:22
20 Noyabr 2024

Nəynən, Santuş?

UEFA Millətlər Liqasında Azərbaycanın milli futbol komandası İsveç millisi ilə qarşılaşdı.

Əslində, "qarşılaşma" demək olmaz buna. Qarşılaşmaq, müqavimət göstərmək deməkdir, əslində. Amma bizim millimiz sadəcə stadiona çıxıb, İsveç milli komandasının üzvləri ilə görüşdü, vəssalam. Sonra da İsveç milli komandası başladı, stadionda təkqapı futbol oynamağa. Başqa heç nə. Elə axıra qədər bizim qapımızın qarşısında İsveç yığması “çilədi” oynadı. Demirəm, bizim komandanı çilədilər. Çünki bu, çiləmək yox, biabırçı bir mənzərə idi. Azərbaycan millisinin oyunu bizim uşaq vaxtlarımızın “ortada qaldı”, “çiling-ağac”, hətta “ənzəli” oynamağımızı xatırlatdı.

Oyundan sonra bəzi futbol tamaşaçılarımız günahı millinin qapıçısında gördü. Amma düşünmədilər ki, qapıçı 11 nəfərə qarşı tək oynaya bilməzdi. Elə oyunçuların ən məhsuldarı qapıçımız Rza Cəfərov idi ki, qapımıza təyin olunan penalti ilə yanaşı, komandamızı 6 qoldan xilas elədi. Yoxsa, daha biabırçı uduza bilərdik. Məsələn, 10:0, 12:0 və sair. Hələ Allah üzümüzə baxdı ki, Rza Cəfərov o zərbələrin qarşısını ala bildi.

Ən biabırçı vəziyyət isə bilirsiniz nə idi? Uduzmağımız heç, ona öyrəşmişik. Oyundan sonra bəh-bəhlə milli komandaya baş məşqçi gətirdiyimiz Fernandu Santuş var e, o, bilirsiniz nə dedi? Dedi ki, komandamla fəxr edirəm. Bax, əsl biabırçılıq bu idi. Allah rəhmət eləsin, mərhum vəkil İsaxan Aşurov belə olanda deyirdi: "Nəynən Alış?"

İndi, nəynən fəxr edirsən, ay Santuş? Kiminlə demirəm, nəynən? Hansı gününə fəxr edirsən? Sən hansı halda fəxr etmirsən? Oyuna hansı taktika, hansı texnika, hansı məşqlə çıxmışdı komanda? Harda məşq eləmişdilər ki, stadiona çıxan yıxılırdı? Stadion yad idi oyunçulara, yoxsa oyunçular “əjdaha” kimi görünürdü gözlərinə?

Milli komandanın dünən stadiona çıxan 10 oyunçusunun (qapıçı xaric) 6-sı Azərbaycanın dünyaya səs salan “Qarabağ” komandasının oyunçularıdır. O “Qarabağ” ki, İsveçin, Fransanın ölkə çempionu olan komandalarını yaşıl meydanda diz çökdürüb, çökdürməkdə də davam edir. Həmin oyunçular “Qarabağ”da bu cür oyun göstərirlərsə, milli komandada niyə qaça, oynaya bilmirlər? Səbəb?

Problem oyunda deyilsə, bəs kimdədir? Xarici komandalarda oyunu, qolları ilə məşhurlaşan Mahir Emrelinin, “Qarabağ”ın “qızıl ayağı” Toral Bayramovun, müdafiədə “tank” deyilən Bəhlul Mustafazadənin niyə İsveçlə oyunda ayağı topa həsrət qaldı? Santuş özü ilə fəxr edir, yoxsa bu biabırçı mənzərə ilə?

Digər tərəfdən, AFFA nə düşünür? AFFA niyə zəhmət çəkib, Azərbaycanda "U" komandalarının çempionatını təşkil eləmir?

Məsələn, Nəriman Axundzadə kimi oyunçular təcrübəsi olmadığı halda start heyətdə yer alır, nəticədə də Braqada keçirilən “Qarabağ-Braqa” oyununda 100 faizlik qolu vura bilmir? Çünki adam çempionat görməyib, uşaq oyunundan birdən-birə böyük çempionata transfer olunub. "U-19" çempionatı olsa, uşaq futbolundan çıxan oyunçular bu çempionatda yetişər, təcrübə yığar. "U-19"dan birbaşa böyük çempionatlara götürülən oyunçudan hansı nəticələri gözləyək?

Məncə AFFA da, Santuş da bu barədə düşünməlidir. Əks halda belə biabırçılıqlar davam edəcək, Santuş da hər oyundan sonra “quşlayacaq”.

Samir Əli