Komitə sədri: "Onlar korrupsiyaya görə istefaya məcbur edilib"
"Ermənistanda ard-arda baş verən istefalar bu ölkədə keçirilən mitinqlərin və mövcud problemlərin nəticəsidir".
Bunu TNS-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, bu istefaların hüquq-mühafizə orqanları, məhkəmə sistemi, istintaq komitəsi və infrastruktur naziri səviyyəsində olması onu göstərir ki, Ermənistanda sosial narazılıqlar pik həddədir: “Bu istefalar onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyətdə olan məmurların və hüquq-mühafizə orqanları rəhbərlərinin yarıtmaz fəaliyyəti təkcə İrəvana deyil, digər bölgələrə də sirayət edib. Məhz bu sistemdə olan rəhbər işçilər istefaya məcbur edilib. Bu barədə Baş nazir Nikol Paşinyan da açıqlama verib. Bildirib ki, guya istefalar onun tövsiyyəsi ilə olub. Əslində isə belə deyil. Heç bir məsələ səbəbsiz ola bilməz. Hüquq-mühafizə orqanları və korrupsiya sistemində, həmçinin İnfrastruktur Nazirliyində belə bir kütləvi istefalar varsa, demək ki, onların özləri korrupsiyaya uğrayıb. İstefaların Paşinyanla görüşdən sonra baş verməsi də bu və digər məsələlərdən xəbər verir”.