Close

"Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edir"

“COP29 tədbirlərində əhəmiyyətli müzakirələrin həyata keçirildiyi vaxtda iqlim dəyişmələri dünyanı təhdid edən əsas problemlərdən biri olaraq qalmaqdadır. BMT-nin 198 üzv dövləti bu istiqamətdə müvafiq olaraq müzakirələr aparır. İqlim danışıqlarının texniki və siyasi aspektləri barədə aparılan müzakirələr COP29 sammitində dönüş nöqtəsi hesab olunur. BMT-nin iqlim danışıqlarının texniki və siyasi aspektləri arasında qarşılıqlı əlaqələrin sürətləndirilməsi vacib sayılır. Çünki texnoloji tərəqqi siyasi qərarları yönləndirir, bu isə texnoloji irəliləyişlərə imkan verir”.

Bunu TNS-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi COP29 danışıqları üçün əsas prioritet olaraq qalır: “Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin təmin edilməsi vacibdir və problemin həm aktuallığı, həm də miqyası nəzərə alınmalıdır. Paris Sazişi üzrə öhdəliklərə uyğun şəffaflıq da eyni dərəcədə vacibdir. Bir sıra kritik məsələlərdə mövqelərin yaxınlaşmasının çox ümidverici əlamətləri var.

İqlim dəyişikliyi idarəetmənin bütün aspektlərinə təsir göstərir. Ona görə də maliyyə, enerji, kənd təsərrüfatı, səhiyyə və digər müvafiq sahələr üzrə dövlət idarələri prosesdə yaxından iştirak etməlidir. COP28-də razılaşdırılmış iqlim fəaliyyətinə dair ilk qlobal hesabatın nəticələrinə əsaslanaraq, bütün iqlim cəbhələrində sürətli irəliləyiş əldə edilməsi mümkündür. Ədalətli iqlim maliyyəsini təmin etmək üçün isə birlikdə işləmək və bunun davamlılığını təmin etmək lazımdır. Azərbaycan bu gün COP29-a ev sahibliyi edir və həm də COP28-in nəticələrinin davamlılığını təmin edir. Bakıda yarımçıq qalmış işlərin isə Braziliyada davam etdirilməsinin vacibliyini dünya ölkələrinə çatdırır. BƏƏ, Azərbaycan və Braziliyadan ibarət üçlüyün yaradılmasında məqsəd də davamlılığın itməməsi, konkret nəticənin əldə olunmasıdır. Təəssüf ki, daha əvvəl keçirilən COP tədbirlərində bu ənənə olmayıb. Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edir. Biz sabahı xilas etmək üçün bu gün sərmayə qoymalıyıq. Yeni Kollektiv Kəmiyyət Məqsədi 2050-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsinə və qlobal iqlim neytrallığına nail olmaq üçün inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir. Yeni Kollektiv Kəmiyyət Hədəfi isə öz məqsədinə tərəflərin öhdəliklərini yerinə yetirəcəyi halda çatacaq”.