Close

"Ermənistan COP29-a ona görə qatılmadı ki..."

“COP29-a ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək istəyi və qarşıya qoyduğu vəzifələr məhz bu tədbir vasitəsilə bir daha dünya birliyinə çatdırılır. Bütün dünya ekoloji, iqlim dəyişmələri ilə bağlı artıq həyəcan təbili çalınan problemləri müzakirə etmək üçün Bakıda toplanıb. 29-cu dəfədir ki, dünya ölkələri iqlim dəyişmələri və bəşəriyyəti narahat edən problemlərdən çıxış yolları aramaq və tapmaq üçün bir araya gəlir. Azərbaycanın bu sahədə gördüyü işləri, yaşıl enerjinin tətbiqi sahəsində əldə etdiyi uğurları dünya birliyinə çatdırmaq üçün COP29-un da çox böyük rolu var. Bəzi ölkələr isə hələ də dünyanın qarşılaşdığı problemlərə laqeyd yanaşır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirin ruhuna uyğun olmayan çirkin təbliğat kampaniyası aparır”.

Bunu TNS-ə açıqlamasında "SƏS" Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən COP29 tədbiri dünyanın yaşıl gündəliyinə mühüm töhfə olduğu kimi, riyakar dairələrə də böyük siyasi zərbə oldu: “Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdəki çıxışında dediyi kimi, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır.  Amma bəzi ölkələr fərqli mövqe nümayiş etdirir, əsasən qarayaxma, sabotajla məşğuldurlar. Bütün dünyanın diqqəti Bakıdadır, Ermənistan isə "maşatutanları" ilə dünyanın problemlərini bir kənara atıb, öz maraqlarını güdür. COP29 ərəfəsində Ermənistan rəhbərliyindən bu tədbirdə iştirakla bağlı müsbət mesajlar eşidilirdi. Ermənistan parlamentinin sədri və XİN başçısı Bakıya gələcəklərini deyirdilər. Bununla yanaşı, şərt də irəli sürürdülər: Erməni "məhbuslar” azad edilsin. Əslində rəsmi İrəvan bununla COP29-a qatılmayacağının anonsunu verirdi. Özləri də bilir ki, Azərbaycanın heç bir terrorçu üzərindən bazarlıq etmək niyyəti yoxdur. Əksinə, 30 il Azərbaycanın 20 faizdən artıq bir ərazisini nəzarətində saxlayan separatçı qurumun və ona tabe olan silahlı birləşmələrin rəhbərlərinin mühakimə edilməməsi ölkəmizin beynəlxalq imicinə zərər vurmuş olar, inamsızlıq yaranar. Ermənistan COP29-da ona görə təmsil olunmaq istəmədi ki, işğalçı ölkə haqqında deyilən haqlı iradları eşitməsin, ərazilərimizin 20 faizinin xarabalığa çevrilməsinin günahkarı kimi ittiham olunmasın, öz ərazisində atmosferin çirklənməsinə dəstək olacaq yeni metallurgiya zavodlarının inşasını dayandırmaq üçün dünyanı ayağa qaldıran Azərbaycanın haqlı olduğunu görməsin. Başqa bir səbəb isə Ermənistanın "maşasını tutanların" buna razılıq verməməsidir. Fransa və digər Qərb ölkələri Azərbaycana təzyiq etmək üçün İrəvanın düşdüyü vəziyyətdən sui-istifadə edirlər. Onlar üçün əsas olan Ermənistanın nə qədər itirəcəyi yox, özlərinin nə qədər qazanacağıdır”.