Xəzər dənizi can hayındadır- Onu necə qoruyaq?
Təsdiq olunan məlumata görə, Xəzər dənizində 10 milyard ton neft var. Bu neftin 3 milyard tonu Azərbaycanın payına düşür. 5 milyard tonu Qazaxıstan sektorunda, 2 milyardı isə Türkmənistan, Rusiya və İran ərazisindədir.
Ümumillikdə neft-qaz yatağı, müxtəlif növ balıqlar, canlılarla zəngin olan, sahilləri, qumu can dərmanı sayılan Xəzərin hazırda ekoloji vəziyyəti kifayət qədər ağırdır.
Xəzərin problemlərinin həllində Xəzəryanı dövlətlərin (Azərbaycan (955,08 km), İran (900km), Rusiya (695km), Türkmənistanın (1200km) və Qazaxıstan (2320km) üzərinə böyük məsuliyyət düşür.
Ən çox ziyan çəkən ölkə Azərbaycandır
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti barəsində bəzi məlumatlar açıqlanıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişərək, dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib. O, qeyd edib ki, bu proses nəticəsində respublikanın təqribən 850 km uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb.
Xəzər dənizinin səviyyəsinin 1996-2023-cü illərdə 2 metr endiyini deyən alim bu prosesin hazırda davam etdiyini, həmin müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 38 min hektar torpaq sahəsinin səthə çıxdığını vurğulayıb.
Professor bildirib ki, Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır. Belə ki, hazırda Xəzərsahili ərazidə əhalinin yarıdan çoxu, sənaye potensialının isə 80 faizə qədəri yerləşir: “Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurub. Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər”.
Xəzər necə çirklənir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, Xəzərə daxil olan tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da rol oynayır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.
Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb.
Xəzərin problemləri COP29-da
“Bu gün Xəzər dənizi təhlükə altındadır. Dünyanın ən böyük gölünün xilası bizim ümumi problemimizdir və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Liderlərin Sammitində çıxışı zamanı deyib.
Kasım-Jomart Tokayev bildirib ki, onlar Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin Ekspertlər Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyirlər.
“Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət etmək üçün regional və beynəlxalq əməkdaşlıqlarla yanaşı, maliyyə dəstəyi də ayrılmalıdır”.
Bu fikirləri isə mətbuata açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov deyib.
O, Xəzər dənizinin ekoloji problemlərinin çoxluğundan danışıb: “Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb. Azərbaycan Prezidenti Aşqabad Sammitində ilk dəfə olaraq Xəzərin səviyyəsinin aşağı düşməsi və Xəzərin ekoloji problemlərinə sahilyanı dövlətlərin daha yüksək yanaşması üçün çağırış edib. Bütün bu məsələlər hazırda da aktuallığını saxlayır. Xəzərin su səthinin aşağı düşməsi Xəzəryanı ölkələr, xüsusilə də Xəzərin sahilində yerləşən yaşayış məntəqələri üçün ciddi problemlərə yol aça bilər. Bu məsələdə həmrəy olmaq lazımdır. Xəzəryanı ölkələr dənizin su səthinin nəzarətdə saxlanması, flora və faunasının qorunması üçün layihələrin hazırlanması ilə bağlı səylərini əsirgəməməlidirlər".
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli Konvensiyanın daimi katibliyinin formalaşdırılması aktual məsələ olaraq qalır: “Hazırda bu katibliyi BMT-nin təşkilatı həyata keçirir. Lakin bu katiblik Xəzəryanı ölkələrdən birinə verilməlidir. Bu ölkələr katibliyin işini təkmilləşdirməli və Xəzərin ekoloji məsələsinə daha çox diqqət yetirməlidir".
X.Xələfov qeyd edib ki, poblemlərdən biri də Xəzər dənizinin kənardan çirkləndirilməsi məsələsidir və Xəzərə tökülən su hövzələrinin problemlərinə diqqət ayrılmalıdır.
Nə qədər ki, Xəzərə ərmağan kimi baxmırıq...
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli mövzu ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, Xəzərdə vəziyət həqiqətən gərgindir. O qeyd edib ki, Xəzərin canlı aləmi tükənmək həddindədir: “Xüsusən Xəzərin Azərbaycan hissəsində, demək olar ki, nərəkimilər qalmayıb. Süni şəkildə yetişdirmək məcburiyyətində qalmışıq. Dəniz sahilinin oliqarxlar tərəfindən çəpərlənməsi, dənizə axıdılan çirkab suları, qeyri-insani ovçuluq və s. Xəzərin ciddi problemlərindəndir.
Xəzər dənizi bizim millətə Tanrının ərməğanıdır. Sağlamlıq, qida, ucuz daşıma, karbohidrogen qaynağımız, mədəniyyət mənbəyimiz olan bu tarixi, 70 milyondan çox yaşı olan dənizimiz məhv olmaqdadır”.
Q.İbrahimlinin sözlərinə görə, Xəzər dənizinin məhvi prosesi türk imperiyalarının çöküşü, rus imperiyasının Xəzər hövzəsi ərazilərini tam işğal etməsi ilə başlayıb: “Xəzər dənizini qorumaq üçün beynəlxalq təşkilatlardan öncə beş Xəzəryanı dövlət addım atmalıdır. Nə yazıq ki, bu proses görünmür. Xəzərin başlıca problemlərindən biri də sudaşıyıcı çaylar üzərində anbarların və suvarma sistemlərinin qurulmasıdır. Əgər vaxtında tədbirlər alınmazsa, “Aral”ın aqibəti Xəzəri də gözləyir. Bunun üçün birinci növbədə Rusiya siyasətini dəyişdirməlidir.
Məlumat üçün deyim ki, rus imperiyası Orta Asiya və Qafqazı işğal edənə qədər burada məsələn, pambıq əkilməyib. Rus işğalından sonra bu ərazilər bol su tələb edən pambıq sahələrinə çevrildi. Pambıqçılığı inkişaf etdirmək üçün Amudərya və Sırdərya (Ceyhun və Erhun çayları) çaylarının suyu əkinlərin suvarılmasına cəlb edildi, Aral qurudu. O cümlədən, Xəzərin sudaşıyıcılarından Ural çayı və bir neçə digər çaylar suvarılmaya cəlb olundu. Bizim sektorda isə Kür-Araz ovalığına pambıq əkməklə gələcəkdə, yəni çağımızda Xəzərin bu hala gəlməsinə zəmin yaratdılar.
Eyni zamanda, Mingəçevir su anbarı tikməklə həm Kürün suyu kanallar vasitəsilə geniş ərazilərin suvarılmasına cəlb olundu, həm də bu böyüklükdə ərazilərimizdə qrunt sularının səviyəsi yüksələrək, şoranlaşmaya səbəb oldu.
Yəni, qlobal istiləşmədən əvvəl müstəmləkəçi dövlət bizə çox çətin düzələcək bir problem yaratdı. Xəzərimizin bir digər problemi çevrəyə öz evimiz, canımız kimi baxmamaqdan qaynaqlanır. Bu, tək bizə deyil, Xəzər ətrafında olan bütün dövlətlərə və yurddaşlara aiddir. Nə qədər ki, Xəzərə çirkab suları axıtmaq üçün çuxur kimi baxacağıqsa, dənizi o qədər məhvə doğru aparmış olacağıq”.
Aygün