Close

Bələdiyyələrin sayı azaldıldı – Xidmətdə keyfiyyət artacaqmı?

Azərbaycanda bələdiyyə seçkilərinin gələn ilin yanvar ayının 25-dən sonra keçiriləcəyi açıqlanıb.

Bələdiyyə seçkilərindən gözləntilər nələrdir?

Milli Məclisin deputatı Kamran Bayramov TNS-in bu barədə suallarını cavablandırıb.

Deputat bildirib ki, Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda Azərbaycanda növbəti bələdiyyə seçkilərinin 2025-ci ilin əvvəlində keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

O qeyd edib ki, ümumiyyətlə, hər bələdiyyə seçkilərində gözləntilər çox olur: “Bir müddət öncə bələdiyyələrin inkişafı baxımından çox vacib bir addım atıldı. Bələdiyyələrin birləşməsi prosesinə başlanıldı və onların sayı 1606-dan 685-ə endirildi. Növbəti seçkilərdə 685 bələdiyyə işdirak edəcək. Heç bir şübhə yoxdur ki, seçkilərin keçirilməsi bələdiyyələrin fəaliyyətinin səmərəliyinin artırılmasına, eyni zamanda yeni formalaşan bələdiyyələrin tərkibinin təkmilləşdirilməsinə xidmət edəcək. Əvvəlki illərdə olduğu kimi, bələdiyyələrə yeni şəxslər seçiləcək. Bu da bələdiyyələrin faliyyətinə yeni nəfəs gətirəcək”.

k-bayram

Deputat vurğulayıb ki, bələdiyyələrin faliyyətində kifayət qədər layiqli, keyfiyyətli xidmət olmaya bilər, bu da vəsait çatışmazlığı ilə əlaqəlidir: “Mən deməzdim ki, bütün bələdiyyələrdən narazılıq var. Bələdiyyələrin birləşməsi, eyni zamanda bələdiyyə qanunvericiliyində edilən son dəyişikliklər onu deməyə əsas verir ki, onların maliyyə və iqtisadi potensialı gücləndiriləcək".

Kamran Bayramov bildirib ki, bu seçkilərdən sonra bələdiyyələrin layihələr həyata keçirməsinə, insanların daha çox sosial sifarişlərini yerinə yetirməsin imkan yaranacaq: “Düşünürəm ki, bələdiyyələrin özlərindən də çox şey asılıdır. Yeni seçilmiş bələdiyyə üzvləri artıq vətəndaşların, seçicilərin etimadını doğrultmalıdır və ləyaqətli xidmət göstərməlidirlər. Bələdiyyələrin səlahiyyətlərində olan ərazilərdə yerli əhəmiyyətli məsələləri həll etməyə çalışmalıdırlar”.

Ayşən Azadova