Close

Trampın Cənubi Qafqaz siyasəti – Erməni diasporunun təzyiqi...

“ABŞ-nin yeni Prezidenti Donald Trampın Cənubi Qafqaz siyasəti barədə indidən dəqiq bir fikir söyləmək çox çətindir”.

Bunu TNS-ə siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi bildirib ki, Donald Trampın birinci prezidentlik dövrünü nəzərə aldıqda müəyyən ehtimallar irəli sürmək mümkündür: "İkinci Qarabağ savaşı dövründə ABŞ Prezidenti olan Donald Tramp faktiki olaraq Cənubi Qafqazda baş verən hadisələrə, Azərbaycan və Ermənistan arasında savaşa müdaxilə etməyə həvəs göstərmədi. Ağ Ev mümkün qədər müşahidəçi mövqedən çıxış etdi. ABŞ hadisələrə neytral mövqedən yanaşdı. Sadəcə, bir neçə dəfə Ağ Ev Cənubi Qafqazda baş verən regional müharibə ilə bağlı növbətçi bəyanatlar verməklə kifayətləndi. Bu da pozitiv yanaşmadır. Çünki kənar müdaxilə olmadan iki dövlət arasındakı müharibə Azərbaycanın parlaq və tarixi zəfəri ilə yekunlaşdı. Ədalət öz yerini tutdu. Azərbaycan ordusu hərbi yolla Azərbaycan dövlətinin beynəlxalq hüquqla təsbit edilmiş bütün sərhədlərini tam şəkildə bərpa etdi. Bununla da konstitusiyanın və suverenliyin bütün ölkə ərazisində bərpasını təmin etmiş oldu.

Bu baxımdan hesab etmək olar ki, Trampın birinci hakimiyyəti dövründə tutduğu mövqe Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün tamamilə sərfəli idi. Bütün bunları nəzərə almaqla ehtimal etmək olar ki, Donald Tramp növbəti hakimiyyəti dövründə də Cənubi Qafqazla bağlı buna bənzər siyasət yürütməyə üstünlük verə bilər".

E. Xalidbəyli qeyd edib ki, Tramp ermənipərəst siyasətçi sayılmır: “Ümumiyyətlə, birinci hakimiyyəti dövründə də sübut etməyi bacarmışdı ki, erməni diasporunun təsiri ilə hərəkət etmir. Yəni, erməni diasporunun təzyiqlərinə qətiyyən önəm vermir. Bunu Ermənistan üçün o qədər də uğurlu saymaq olmaz. Böyük ehtimalla, Trampın Cənubi Qafqaz siyasəti ABŞ-nin ermənipərəst mövqedən nisbətən uzaqlaşması ilə nəticələnəcək. Bu da o deməkdir ki, Tramp Administrasiyası Bayden Administrasiyasının yürütdüyü Cənubi Qafqaz siyasətini tamamilə dəyişə bilər. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün münbit şərait yaranması mümkündür. Çünki regiondakı mövcud problemlərin mümkün qədər sürətlə həlli üçün lazım olan əsas faktorlardan biri də odur ki, Cənubi Qafqaza aidiyyəti olmayan kənar dövlətlər bölgədə cərəyan edən geopolitik proseslərə müdaxilə etməsin. Yəni Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Fransa Cənubi Qafqazdakı sülh prosesinə kənardan kobud müdaxilə etməsə, ən qısa zamanda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər. Donald Trampın ABŞ Prezidenti kimi Cənubi Qafqaz dövlətləri qarşısında ən böyük xidməti ondan ibarət ola bilər ki, yekun sülh sazişinin imzalanması prosesinə müdaxilə etməsin, əngəl törətməsin".

Ayşən Azadova