Qazaxıstan Prezidentinin bu təşəbbüsü təqdir olunmalıdır
“Ermənistanla Azərbaycan arasında ədalətli sülhün əldə edilməsinə dair rəsmi Bakının təşəbbüsü hələ atəşkəs dövründən masada olub. Bir şərtlə ki, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilsin".
Bunu TNS-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, amma İrəvan hər vasitə ilə bu təkliflərdən imtina edib. Hətta ermənilərə verilən status da onları qane etməyib: "Əlbəttə, sülhün bitdiyi yerdə silahlar danışmalı idi və danışdı. Məsələnin çözümünə silahlı qüvvələr qarışmalı oldu. Buna Azərbaycanın hər cür haqqı var idi, çünki ərazisindən başqa ölkəyə məxsus silahlı birləşmələrin çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilmişdi. 44 günlük müharibəni şərtləndirən də Ermənistan rəhbərliyinin qətnamələrə və Azərbaycanın sülh çağırışlarını əhəmiyyət verməməsi oldu”.
Aydın Hüseynov deyib ki, post-müharibə dövründə qalib Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı tərəf kimi Ermənistana sülh müqaviləsinin imzalanması, etimad mühitinin yaradılması, kommunikasiyaların açılmasını özündə ehtiva edən sənəd təqdim edib: “Bütün bunlar ATƏT-in Minsk qrupunun 26 illik fəaliyyətsizliyindən sonra Azərbaycanın atdığı ən uğurlu addımlardandır. Rəsmi Bakının İrəvanla heç bir vasitəçi olmadan anlaşması, münaqişə dövründə iri dövlətlərin vasitəçiliyindən fərqli olaraq, əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, ölkəmiz sülh üçün çalışır və Ermənistanı da sülhə məcbur edir.
Beynəlxalq ictimaiyyət, dünya birliyi baş verənləri diqqətlə izləyir, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir. Bəzi dövlətlərin və beynəlxalq təşkilatların sülh yarada bilməməsinin günahı isə münaqişə tərəflərində yox, vasitəçilərin özlərindədir. Çünki vasitəçilik missiyalarında daha çox qərəz olub, beynəlxalq sənədlərə, BMT-nin qəbul etdiyi qətnamələrə istinad etmək əvəzinə ermənipərəst mövqedən çıxış ediblər, işğalçı Ermənistanı dəstəkləyiblər. Bir sözlə, ATƏT-in Minsk qrupunda həmsədrlik institutu yaradan iri dövlətlər missiyalarının öhdəsindən vicdanla gələ bilməyiblər, etimad və nüfuzlarını itiriblər. Qazaxıstan isə Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında təmənnasız xidmət göstərməyə, heç bir tərəfin maraqlarını dəstəkləmədən yalnız haqqın və ədalətin yanında olduqlarını sübut etməyə çalışır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fransanın "Le Figaro" qəzetində dərc olunan məqaləsində də bu məsələdən danışılır: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların aparılması üçün platforma təqdim etməklə hər iki ölkənin münasibətlərində yeni səhifə açmaq istəyini tam dəstəkləyirik". Bunu Almatıda Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən əvvəl də Qazaxıstan rəhbərliyi bildirmişdi. Astana sülh prosesinə müdaxilə etmədən danışıqlar üçün platforma təqdim edir. Əlbəttə, qardaş ölkənin bu addımı təqdir olunmalıdır”.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların aparılması üçün platforma təqdim etmək istədiklərini açıqlayıb.