Close

17:43
05 Noyabr 2024

“Ermənistanın COP29-da iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək”

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Azərbaycanda saxlanılan separatçılar azad olunsa, ölkəsi COP29-da iştirak edəcək.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Hikmət Məmmədov deyib ki, Ermənistan tərəfi hələ də illüziyalarla yaşayır, Azərbaycan qarşısında nə qədər gücsüz olduğunu dərk edə bilmir.

O qeyd edib ki, Azərbaycanda saxlanılan cinayətkarlar xalqımıza qarşı terror törətmiş separatçılardır: “Onların hər biri terrorçu olmaqla bərabər, separatçı və hərbi cinayətkardır. Azərbaycan məhkəməsi çox yaxşı olardı ki, bu cinayətkarların əməllərini sadaladığım hər üç cinayət üzrə qiymətləndirsin. Şübhəsiz ki, ermənilərin bu cinayətkarları nə adlandırılmasından asılı olmayaraq, Azərbaycan onları qaytarmayacaq. Azərbaycan xalqı ədalət və beynəlxalq hüquq qarşısında 30 il səbr etdi ki, bu cinayətkarlar qanun qarşısında cavab versinlər. Amma bütün dünya, beynəlxaq təşkilatlar Ermənistanın Azərbaycana etdiyi ədalətsizliyə göz yumdu. Ona görə də separacıların qaytarılması mümkün deyil”.

t3

Hikmət Məmmədov vurğulayıb ki, onlar haqq, ədalət, qanun qarşısında cavab verəcəklər: “Ermənistanın COP29-da iştirak edib-etməyəcəyi Azərbaycan üçün heç nəyi dəyişdirmir. Amma Ermənistan üçün çox şeyi dəyişə bilər. Ölkəmizə COP29 tədbiri ilə bağlı onlarla dövlət və hökumət başçısı, rəsmi qonaqlar gələcək. Onlar dünyanın bir nömrəli qlobal probleminin həll olunmasında fikir mübadiləsi aparacaqlar, məsələnin maliyyə tərəflərini müzakirə edəcəklər”.

Deputatın sözlərinə görə, Ermənistan kimi kiçik bir dövlətin nümayəndələrinin COP29-da iştirak edib-etməməsi nə dünya, nə də Azərbaycan üçün əhəmiyyət kəsb edir. Burada Ermənistanın niyyətini göstərmiş olacaq: “Bütün bunlar Ermənistanın bir daha sülh arzusunda olmadığını, ermənilərin ölkəmizi COP29 tədbiri vastəsi ilə siyasi şantaja məruz qoyma cəhdlərini ortaya çıxarır. Nəticə etibarilə düşünürəm ki, COP29 tədbiri əslində Ermənistan üçün bir fəxarət ünvanı olardı ki, onlar gəlsin, Azərbaycanda,  Bakıda bu konfransda iştirak etsin. Ermənistan özünü buna layiq bilmirsə, bu da ermənilərin öz işidir”.

Ayşən Azadova