Deputat: "Bizə kənar oyunçular lazım deyil"
Xəzər dənizində Azərbaycan və İran silahlı qüvvələri birgə hərbi təlimlər keçməyə başlayıb. Bu təlimi Azərbaycan və İran arasında uzun illər davam edən mürəkkəb münasibətlər fonunda mühüm bir addım saymaq olarmı?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Azərbaycan və İran silahlı qüvvələrinin Xəzər dənizində birgə hərbi təlimi təkcə hərbi hadisə deyil: “Bunun çox ciddi siyasi, diplomatik mənası və çəkisi var. Uzun müddət idi ki, iki dövlət arasında münasibətlərdə bir gərginlik və soyuqluq hökm sürürdü. Lakin son zamanlar yaxşılığa doğru müəyyən irəliləyişlər var və münasibətlərin normallaşması əslində hər iki dövlətin maraqlarına uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan region məsələlərinin həlli ilə bağlı “3+3” formatını irəli sürüb.
Yəni, regionun məsələlərini region ölkələri həll etməlidir. Bizə kənar oyunçuların müdaxiləsi və canfəşanlığı lazım deyil, onlar öz məkrli niyyətlərini həyata keçirmək istəyirlər. İran tərəfi məmnun olmalıdır ki, Azərbaycanın bu təşəbbüsü rəsmi Tehranın region məsələlərində fəal iştirakına şərait yaradır".
Elman Nəsirovun sözlərinə görə, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərini davamlı şəkildə qoruyub saxlamaqda maraqlıdır: “Prezident cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunda, ikitərəfli münasibətlər formatında qonşularla əlaqələr ən əsas istiqamət kimi nəzərdə tutulur.
Hazırda baş verənlər çox müsbət hadisədir ki, iki dövlətin Hərbi Dəniz Qüvvələri birlikdə Xəzər dənizinin İran ərazisində birgə hərbi təlimlər həyata keçir. Azərbaycan hər zaman qonşu İran dövləti ilə münasibətlərin sağlam inkişafında maraqlı olub. Düşünürəm ki, birgə hərbi təlimlər Cənubi Qafqaz regionunda həllini gözləyən bir sıra məsələlərin tənzimlənməsinə öz müsbət təsirini göstərə bilər. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin işə salınmasından gedir. Çünki bir çox halda İran rəhbərliyi bu məsələni özünün "qırmızı xətti" kimi göstərib. Hesab edirəm ki, gələcəkdə digər məsələlərlə də bağlı həlledici addımlar da atıla bilər”.
Ayşən Azadova