Lavrov Rusiyanın Ermənistana hərbi texnika satdığını “unudub”
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir”.
TNS xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Facebook” hesabında yazıb.
O qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımın ilhaqını tanımayıb: “Türkiyənin Rusiya ilə olduğu kimi, Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır, əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqeyini möhkəmlətməkdir. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satarkən eyni maraqlardan çıxış edib. Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər”.
Politoloq xatırladıb ki, buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edib.
“Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?
Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni o, bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi, Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşı duran tərəflərə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.
Sergey Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks haldaŞ Rusiya Prezidenti Türkiyənin BRICS təşkilatına üzvülüyünü dəstəkləməzdi. Rusiyanın “Rosatom” şirkəti Türkiyənin Mersin bölgəsində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”.
Nazir Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.