Close

"ATƏT-in missiyası Azərbaycana heç bir təsir göstərə bilməz"

ATƏT-in Müşahidə Missiyası Ermənistan-Azərbaycan şərti sərhədində müşahidə aparmaqla heç nəyə nail ola bilməz.

Bunu TNS-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, ATƏT-in Müşahidə Missiyasının şərti sərhəddən Azərbaycan ərazilərini müşahidə etməsi onların havadarlarına hesabatlarıdır: “Onlar bölgəyə çoxdan gəlmək istəyirdilər, Ermənistan bu istəyi indi reallaşdırdı. Özləri üçün yaxşı maaşlı iş yeri tapıblar, ona görə də mütəmadi olaraq Ermənistan-Azərbaycan şərti sərhədində guya işləyirlərmiş kimi görüntü yaradırlar. Oktyabrın sonudur, onlar da hesabatda nəsə yazmalıdırlar. Müxtəlif vaxtlarda ayın sonunda hesabat xarakterli məlumatları öz rəhbərlərinə ötürmək üçün bu cür müşahidələr həyata keçirirlər. Hesab edirəm ki, Müşahidə Missiyası Azərbaycana zərrə qədər də təhlükə yarada bilməz. Azərbaycan Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi həm sərhədi, həm də ölkənin müdafiəsini yüksək səviyyədə qoruyur”.  

Ekspert deyib ki, şərti sərhəddə təhlükə indiyə qədər olub, COP29 tədbirinin başlanma ərəfəsində də ola bilər: “Amma düşünmürəm ki, bu təxribatlar Ermənistanın xeyirinə olsun. Çünki Ermənistan özü də gözəl başa düşür ki, COP29-da iştirak etmək üçün Bakıya nümayəndə göndərəcək. Təxribatlar Ermənistan üçün xoşagəlməz nəticə verəcək.

Bu gün Ermənistanın hərbi və iqtisadi gücü yetərincə deyil ki, onlar Azərbaycanla baş-başa gəlsin. Qaldı ki təxribata, bu, həmişə olub. Təxribatlara Ermənistandan çox, oradakı digər ölkələrin təmsilçiləri, diplomatları maraq göstərir. Bu gün təxribatla bağlı ajiotajı da məhz həmin şəxslər yaradır. Ermənistan Azərbaycana hansısa bir əzələ nümayiş etdirəcək gücdə deyil. ATƏT missiyası isə çalışır ki, bir görüntü yaratsın, müharibə gərginliyi sərgiləsin. Ermənistan sülh müqaviləsinin daha iki müddəası ilə razı olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, artıq sülh müqaviləsi imzalanmaq üzrədir. Eyni zamanda da, ATƏT-in Müşahidə Missiyası özlərinə bir baza yaratmaq üçün çalışırlar ki, bir fəaliyyət sərgiləsin. Ermənistan kiminlə baş-başa qaldığını gözəl anlayır, ona görə də böyük miqyaslı təxribatlara cəhd edə bilməz. ATƏT isə həmişə aranı qarışdırmaq, “suyu bulandırmaq”la məşğuldur. Bu qurum əvvəllər də belə edib, indi də edir, gələcəkdə də edəcək”.