Close

Ermənilər bu yolla Azərbaycandan əvvəl Türkiyə ilə münasibət qurmaq istəyirlər

“Ermənistanın Baş naziri Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur”.

TNS xəbər verir ki, bunu politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır: “Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət ediləcək. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar”.

Politoloq bildirib ki, Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək, “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var: “İrəvanın birinci məqsədi Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İkinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətlərin normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həlli yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir”.