Close

18:45
22 Oktyabr 2024

Bakını kim siciliyaladı? - Utanmasalar deyərlər ki, Qurbanolduğum xəbər verməmişdi...

Dünəndən bütün media qeyri-sabit hava şəraiti ilə bağlı həyəcan təbili çalır. Çünki bilirik ki, Bakıda yer islanan kimi küçələr bərbad vəziyyətə düşür, əraziləri su basır, həyat iflic olur. Bu, birmənalı şəkildə ictimaiyyət tərəfindən qəbul edilib artıq. Hər dəfə də yağış yağan, sel yaranan kimi aidiyyəti yarıtmaz qurumlar məlumat yayır ki, bəs, yağış çox yağdı, ona görə çatdıra bilmədik. Demirlər ki, səriştəsiz məmurların səhlənkarlığından Bakının kanalizasiya sistemi bərbad vəziyyətdədir, deyirlər, yağış çox yağdı.

Utanmasalar deyərlər ki, Qurbanolduğum xəbər verməmişdi, neçə ton yağış yağacaq, biz də ona uyğun tədarük görək. Bəlkə də deyərdilər ki, Allah Bakıdan qisas alır.

Hələ Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasına baxın: “Yağış suları Avropa şəhərlərində də problemlər yaradır - Meriya açıqlama yaydı”. Bu informasiyanın başlığıdır. Bakı 5 saatlıq yağışa tab gətirə bilmir, bunlar Avropa haqqında məlumat yayır. Nə qədər məsuliyyətsiz olasan ki, belə bir açıqlama yayasan. 

Bakını kim Siciliya elədi?

Hələ xəbərin içinə baxın: “Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, mütəxəssislərin fikrincə, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Bildirilir ki, belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunur. Misal üçün, İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər”.

De, Şıxeyib haqqı? Bakı dənizə dönüb e, hörmətli Dəniz xanım. Bakının dənizə dönməyindən cuşa gəlib, belə açıqlama vermisiniz?

Həm də Siciliya...

Azərbaycanın paytaxtı Bakı, İtaliyanın ucqar Siciliya adası. İtaliyanın paytaxtı Siciliyadı? Siz hansı haqla Bakını Siciliya ilə müqayisə edirsiniz? Bakı Roma ilə, Berlinlə, Parislə müqayisə olunan şəhər statusundadır e, Siciliya ilə yox.

Biz demirik ki, niyə Gədəbəyin İnəkboğan, Şamaxının Əngəxəran, Qubanın Xınalıq, Qusarın Laza kəndlərini, Beyləqanın Haramı düzünü, nə bilim Hacıqabulun Atbulaq kəndini su basıb. Biz Bakıdan danışırıq. İtaliyanın Siciliya adasını Hacıqabulun Atbulaq kəndi ilə müqayisə eləməlisən, daha Azərbaycanın paytaxtı Bakı ilə yox!

Deyin ki, Bakının içini özümüz sicilyalamışıq, batırmışıq, dağıtmışıq, deyim hə. Deyin ki, Bakının su və kanalizasiya xətlərinin üstündə villalar inşa etdirmişik, xətlərin mühafizə zolaqları satılıb, mühafizə zolaqlarına daxil ola bilmirik, deyək düz deyirsiniz. Yoxsa, Bakıya yağan yağış fəlakət törətdiyi kimi, Sicilyada da problem yaranıb. Bu nə düşüklükdür? Biz Bakıdan, Azərbaycanın Baş kəndindən danışırıq. Yağış Bakının Nizami, Nəsimi, Xətai, Suraxanı, Sabunçu rayonlarını iflic edib, Gədəbəyi, Şamaxını, Ağsunu Qəbələni yox.

Digər tərəfdən, sizin dediyiniz o Avropanın şəhərlərində, kəndlərində sunami, fırtına, qasırğa və digər ağır təbii fəlakətlər problem yaradır. 5 saatlıq yağış yox. Almaniyada, İtaliyada və digər ölkələrdə bu yağışlar demək olar ki, hər gün yağır. Bu, təbii fəlakət deyil, adi payız yağışıdır. Siz isə səriştəsiz fəlakətlərinizin nəticəsini təbii fəlakətin üstünə yıxırsınız. Vaxtında kanalizasiya xətlərini yeniləmədiyiniz üçün, Bakıda harda gəldi ev və obyekt tikintisinə icazə verdiyiniz üçün bu gün payız yağışını təbii fəlakət adlandırırsınız. Bakının ən böyük fəlakəti səriştəsiz məmurlardır. Vaxtında tədbirlərin görülməməsi, qabaqlayıcı addımlar atmamaq, sonda Bakını Siciliyaya bənzətməklə nəticələnir.

Sonra da əhali iflic, siz isə düşük açıqlamalarınızla gülünc vəziyyətə düşürsünüz.

COP 29-a belə hazırıq?

Qarşıdan möhtəşəm tədbir gəlir. Bütün dünyanın gözü Azərbaycanda və Bakıdadır. Bakı COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək. Azərbaycan dövləti bu möhtəşəm tədbirin keçirilməsi üçün bütün tədbirləri görüb, Bakı görkəminə qədər dəyişib.

Bəs siz, Bakıya cavabdeh olan qurumlar nə etmisiniz? Beləmi hazırlaşırsınız, bu beynəlxalq tədbirə? 80 mindən artıq beynəlxalq turistə bu biabırçılığı göstərəcəksiniz?

Vaxtınız varsa, bir az düşünün!

Samir Əli