Close

Yenə yağış, yenə Bakı, yenə eyni mənzərə - Mövsümə belə hazırlaşırlar?

Bir neçə gün əvvəl Bakıya güclü yağış yağacağı barədə xəbərdarlıq edilmişdi.

Hər dəfə güclü yağışın paytaxtda hansı mənzərələr yaratdığını bildiyimizdən Bakının leysana hazır olub-olmaması ilə bağlı Bakı Sukanal İdarəsinə sorğu ünvanladıq. İdarənin rəis müavini Əlizadə Nəsirov bildirdi ki, paytaxtın kanalizasiya xətlərinin daş, qum, çınqıldan təmizlənməsi üçün mütəmadi yuyulma işləri həyata keçirilir. Bütün xətlərin daş, qum, çınqıldan təmizlənməsi təmin edilib, axıcılıq qabiliyyəti artırılıb. Hətta ötürücü kanalizasiya və nasos stansiyalarında da müvafiq tədbirlər görülüb və s...

Əlizadə Nəsirov deyib ki, yağış yağmadan öncə hansı yerlərdə su yığılacağı barədə öncədən araşdırmalar aparılır. Güclü leysan yağışları zamanı su yığılan istiqamətlərdə operativ işlər görülür. Tutulma halları olan ərazilər nəzarətdə saxlanılır ki, vətəndaşlar rahat hərəkət edə bilsin.

Bakı Şəhər İcra Hakimiyyətindən isə payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı sualımıza cavab ala bilmədik.

Nəhayət, o gün gəldi çatdı. Paytaxtda 3-4 saat aramsız yağış yağdı...

Yenə hər yerdə eyni mənzərə ilə qarşılaşdıq. Yolları, evləri, tunelləri su basdı, keçilməz tıxaclar yarandı, təhsil müəssisələrində sinif otaqları damdığı üçün dərslər dayandırıldı, avtomobillər, hətta avtobuslar yaranan gölməçələrdə batdı.

Şəhər rəhbərliyi, aidiyyəti qurumların başında duranlar problem yaranan ərazilərə baş çəkdilər, müxtəlif tapşırıqlar, açıqlamalar verdilər. Yəni, heç bir işə yaramayan “toydan sonra nağara”...

Bakı meri Eldar Əzizov dedi ki, hadisəyə birmənalı qiymət vermək hələ tezdir: “İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin ki, tikinti zamanı bəzi nöqsanlara yol verilib”.

Ortaya xeyli sual çıxır.

Bakıda yağışdan sonra problemin yaranması ilk dəfə deyil. Hörmətli mer, əvvəlki hadisələrdən sonra niyə müvafiq araşdırma aparmayıb?

İllərdir, Sabunçu sakinləri yağış yağmaması üçün dua edirlər. Eldar Əzizov bunu bilmir?

Yağışla bağlı xəbərdarlıq edildiyi halda, şəhər meriyası və digər məsul qurumların rəhbərliyi problemli ərazilərə niyə baş çəkib, vəziyyətlə maraqlanmayıb? Öncədən niyə müvafiq tədbirlər görülməyib?

Gərək, hadisə olsun, ondan sonra əraziyə çıxsınlar?

P.S.: Bu hadisə bir daha göstərdi ki, hər mövsümün əvvəlində rəsmi qurumların “mövsümə hazırıq” açıqlaması sözdən başqa bir şey deyil. Mövsümə hazır olan şəhər ən xırda bir təbiət hadisəsinin qarşısında aciz qalmaz!

Gülşən Hacıyeva