Close

“Bu, Azərbaycan-Ukrayna münasibətlərinə yaraşmayan davranışdır”

Xəbər verildiyi kimi, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanda keçiriləcək COP29-a qatılacağı təqdirdə beynəlxalq ictimaiyyəti tədbirdən imtina etməyə çağırıb. Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov bu məlumatı təsdiqləyib.

Mövzunu TNS-ə şərh edən politoloq Kazım Kazımov bildirib ki, bu, Azərbaycan-Ukrayna arasında olan münasibətlərə yaraşmayan bir davranışdır.

Onun sözlərinə görə, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyün tanıyıb, müdafiə edib və müharibənin ilk günlərindən Ukrayna xalqına humanitar yardımını əsirgəməyib: "Azərbaycan ilə Ukrayna arasında müxtəlif beynəlxalq və regional platformalarda çox yaxşı münasibətlər var. Azərbaycan Rusiya ilə münasibətlərinin də çox yaxşı olmasına rəğmən, Ukraynanın haqlı işində rəsmi Kyevə dəstək göstərib".

Politoloq deyib ki, COP29 siyasi bir tədbir deyilr: "Rusiya dövlət başçısının COP29-da iştirakı üçün bir əngəl yoxdur. Azərbaycan Roma Konvensiyasına qoşulmayıb və Vladimir Putin Azərbaycana müharibə dövründən əvvəl də, sonra da rəsmi səfərlərə gəlib, müxtəlif tədbirlərdə iştirak edib. Belə olduğu təqdirdə, COP29-a niyə görə gəlməsin? Əksinə, rəsmi Kiyev Azərbaycandan xahiş edə bilərdi ki, Zelenski və Putin arasında Bakıda görüş təşkil olunsun. Hər kəsə məlumdur ki, bu gün Azərbaycanın və Prezident İlham Əliyevin nüfuzu çox yüksəkdir, beynəlxaq təşkilatların həll edə bilmədiyini məsələni rəsmi Bakı nizamlaya, bu qanlı müharibənin başa çatmasında önəmli bir rol oynaya bilər".

Ayşən Azadova