Close

Zəngəzur açıqlaması Paşinyanı bitirə bilər - Qərb təzyiqlərə başladı

"Baş nazir Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması və Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini Qərblə Rusiya arasında auksiona çıxarması Ermənistanı əbədi olaraq blokada vəziyyətində qalmağa sürükləyir".

Bunu TNS-ə açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Zəngəzur dəhlizi Ermənistana dünyaya quru yolla çıxış əldə etmək üçün bir fürsət pəncərəsidir: “Amma Paşinyanın bu məsələdə vahid mövqeyə malik olmaması Zəngəzur dəhlizini Qərblə Rusiya arasında mübarizə predmetinə çevirib. Belə ki, Rusiyadan təzyiq gələndə Paşinyan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət edə biləcəyini deyir, Qərbdən təzyiq gələndə isə dəhlizə nəzarətin xarici şirkətə veriləcəyini bildirir”.

Millət vəkili deyib ki, Moskvaya son səfərində Putin Zəngəzur dəhlizi ilə bağlı Paşinyanın qarşısında ciddi tələblər qoyub: “Ona görə də Paşinyan səfərdən sonra Rusiya FTX-nın Zəngəzur dəhlizinə nəzarət edə biləcəyi ilə bağlı açıqlama verib. Bunu eşidən ABŞ Paşinyana təzyiq göstərməyə başlayıb və yenidən "Sülh kəsişməsi" layihəsini də dövriyyəyə buraxır. Azərbaycan isə Paşinyanın qərarsızlığını və Ermənistanın beynəxalq güclərin üz-üzə gələcəyi məkana çevrilməsini gözləmək fikrində deyil. Ona görə də İran ərazisindən yolun tikintisini davam etdirir. İran ərazisindən yolumuz açılana qədər Zəngəzur dəhlizinin açılması məsələsi həll olunmazsa, Ermənistan həmişəlik dalanda qalacaq. Zəngəzur dəhlizinin açılması üçün həm də sülh müqaviləsinin imzlanması vacibdir. Çünki iki ölkə arasında sülh olmadan və diplomatik əlaqələr formalaşdırılmadan kommunikasiyaların açılması mümkün deyil. Bu baxımdan, Paşinyan təcili şəkildə sülh müqaviləsinin imzalanması üçün çalışmalıdr. Əks halda, uduzan tərəf yenə Ermənistan olacaq”.