Close

ABŞ və Fransadan Netanyahuya sərt xəbərdarlıq – İsrail təklənir?

Yaxın Şərqdə münaqişə gündən-günə daha da alovlanmaqdadır. Qəzza zolağında humanitar böhran son həddə çatıb.

Artıq ABŞ, Fransa kimi müttəfiqləri də İsrailin Baş naziri Benyamin Netanyahuya qaydaları pozmamaq barədə xəbərdarlıq edir, sanksiyalarla hədələyir.

İsrail təklənir, yoxsa bunun arxasında başqa maraqlar var?

TNS-in bu barədə suallarını cavablandıran siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Fransanın İsrailə xəbərdarlıq siqnalları göndərməsi Parisin Livana olan güclü marağından irəli gəlir: “İsrailin Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatların miqyasını genişləndirməsi Fransanın Livandakı təsirinin zədələnmə ehtimalları güclənir. Yəni, İsrailin Yaxın Şərqdə, o cümlədən Livanda ambisiyaları artdıqca Fransa da Yaxın Şərq siyasəti üzrə xatırlatmalar vermək məcburiyyətində qalır.

Körfəzdəki əsas oyunçular olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə əlaqələr Fransanın Yaxın Şərq strategiyasının açarıdır”.

Siyasi şərhçinin fikrincə, İsrail elə bir müqavimət tələsi qura bilər ki, proseslər Parisin Yaxın Şərq strategiyasının ümumi təməllərini sarsıdar. Fransa bundan çəkinir: “Fransanın İsraili Fələstində tətbiq olunan beynəlxalq humanitar qanunlara tam əməl etməyə çağırması ilk hal deyil. Ancaq Fransanın Fələstin məsələsinin həllində və Livan böhranının nizamlanmasında göstərdiyi səylər sülh və təhlükəsizliyin təmin olunmasına deyil, öz maraqlarını qorumağa söykənir.

Fransa Prezidenti Emmanuel Makron həm də Fransanın qlobal arenada itirilən nüfuzunu Yaxın Şərqdə özünü göstərməklə kompensasiya etməyə çalışır.

Bu baxımdan Fransa Yaxın Şərqdəki münaqişələrin “həllinə” rəhbərlik etmək üçün parametrlər tərtib etməyə səy göstərir.

İsrailin təklənməsi ehtimalları zəifdir. Sadəcə oyun elə qurulur ki, proseslərdə başqa oyunçular da qazanclı çıxsın”.