Close

Deputat: “Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət və fayda əsasında qurulub”

“Azərbaycan-Rusiya münasibətləri artan dinamika ilə inkişaf edir. Bu əlaqələr qarşılıqlı hörmət və fayda əsasında qurulub”.

Bunu TNS-ə açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, avqust ayında Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana, və indi də cənab Prezident İlham Əliyevin Moskvaya səfərləri iki ölkə arasında əldə olunmuş razılaşmaların icra olunmasına yeni impuls verir: "Dövlət başçımız səfər çərçivəsində Rusiya Prezidenti ilə keçirdiyi görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsini rəqəmlərlə bir daha ifadə etdi.

Belə ki, ölkələrimiz arası ticarət dövriyyəsi 4,7 milyard dollara çatıb, qarşılıqlı şəkildə yatırılan investisiyaların həcmi artmaqdadır. Dövlət başçımızın səfəri ilk növbədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımdan əhəmiyyətlidir".

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin Moskvaya səfəri MDB Dövlət Başçıları Şurasının Sammitində iştirak məqsədi daşıyırdı: "Azərbaycan MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir. Bu, həm də təşkilata üzv dövlətlərlə bir daha görüşmək, ölkələrarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mövzuları müzakirə etmək baxımından çox əhəmiyyətlidir.

MDB Humanitar Əməkdaşlıq Şurası tərəfindən 2025-ci ildə Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərar da tarixi əhəmiyyət daşıyır. Çünki Laçını MDB-nin üzvü olan Ermənistan 30 il işğal altında saxlayaraq, dağıdıb məhv etmişdi. Amma torpaqlarımız işğaldan azad olunandan sonra digər ərazilərimiz kimi Laçın şəhəri də yenidən tikilərək qurulur. Dövlətimiz Laçın şəhərində uzun illər məcburi köçkün həyatı yaşamış insanlar üçün hər bir şərait yaradır. O cümlədən, sosial-mədəni infrastruktur da yenidən formalaşdırılır. 2025-ci ildə MDB dövlətlərinin mədəniyyət nümunələri Laçında nümayiş olunacaq. Bu da işğaldan azad olunmuş ərazilərimizdə baş verənləri və yenidən həyat qayıtamasını MDB-yə üzv ölkələrin xalqlarının da tanınmasına imkan yaradacaq.

Gələn il III MDB Oyunlarının 10 şəhərimizdə keçirilməsi və Gəncənin idman paytaxtı seçilməsi çox əlamətdar hadisədir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyində böyük təcrübəyə malik ölkəyə çevrilib. III MDB Oyunları çərçivəsində çoxlu sayda idmançı və turist ölkəmizə gələcək. Bu da ölkəmizin daha geniş tanıdılmasına və iqtisadiyyatının möhkəmlənməsinə töhfə verəcək.

İclasda geniş nitqlə çıxış edən dövlət başçımız İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın rolunu xüsusilə qeyd edib. Gələn il alman faşizminin üzərində qələbənin 80-ci ili tamam olur. Bu qələbənin əldə olunmasında xalqımız həm döyüş meydanında, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümayiş etdirmiş, Azərbaycan müharibə meydanında döyüşən texnikaların yanacaq və sürtkü materiallarının əsas təminatçısı olmuşdu".

azerbadamov

A. Badamov deyib ki, Azərbaycan 1941-1945-ci illərdə alman faşizmin məhv edilməsində iştirak etdiyi kimi, 44 günlük Vətən müharibəsində və antiterror tədbirləri ilə erməni faşizminin də kökünü kəsib: "Dövlət başçımızın Rusiyaya səfəri Azərbaycanın qəhrəman bir ölkə olduğunu təşkilat üzvlərinin diqqətinə bir daha çatdırılması üçün fürsət oldu. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın apardığı beyəlxalq siyasət ölkəmizə yeni uğurlar və nailiyyətlər qazandırmaqda davam edir".