Paşinyan əməli addımlar atmasa...”
“Ermənistanın Baş naziri Nikol Paşinyan sadəcə imitasiya ilə məşğuldur, o, sülh ritorikasında səmimi deyi”.
Bunu TNS-ə siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyib.
O, Ermənistanda radikal müxalifətçi, arxiyepiskop Baqrat Qalstanyanın son zamanlar fəallaşdığını qeyd edib: “Qalstanyan uzun müddətdir, ona Ermənistanın ictimai televiziyasında efir vaxtı verilməsini tələb edirdi, nəhayət buna nail oldu. Amma artıq onun çağırışlarına reaksiya verənlərin sayı xeyli azalıb. Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən sonuncu mitinqə qatılanların sayı 2 min nəfərdən də az idi. Bu, onun populyarlığını itirməsinin göstəricisidr”.
Elşad Mirbəşir oğlu bildirib ki, buna baxmayaraq, arxiyepiskop çağırışlarına davam edir: “Məlumdur ki, Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycan-Ermənistan sərhədlərinin delmitasiyası üzrə komissiyasının işini reqlamentə uyğun hesab edib. Bunu “xəyanət” adlandıran Qalstanyan oktyabrın 9-a mitinq təyin edib.
Əslində, bütün bunlar Ermənistanda hakimiyyət uğrunda gedən mübarizənin əlamətidir. Yəni, Baqrat Qalstanyanın məqsədi yaranmış vəziyyətdən istifadə edərək, hakimiyyətə gəlməkdir”.
Elşad Mirbəşir oğlunun sözlərinə görə, Ermənistanda mümkün rejim dəyişikliyi Azərbaycanla münasibətə təsirsiz qalmayacaq: “Paşinyan əməli addımlar atmasa da, bəyanatlarında sülhün vacibliyini vurğulayır. Amma müxalifət hələ də reallığı qəbul edə bilmir. Bu baxımdan, Ermənistanda hakimiyyət dəyişkliyi münasibətlərdə yeni poblemlər yarada bilər. Amma Azərbaycan kifayət qədər güclü mövqeyə malikdir. Qarşı tərəfdən hansısa radikal addımların atılması Ermənistanın özünün zərər görməsi ilə nəticələnəcək.
Hesab edirəm ki, Ermənistanda sağlam düşünən siyasi qüvvələr varsa, bunu çox yaxşı dərk edirlər".
Ayşən Azadova